“Nə özünüzü məhv edin, nə də övladlarınızı”

Müəllif: Ayşən Ayxan

Anam atamla ayrılanda 33 yaşı var idi. Yenidən təhsil aldı, o təhsilin işə yaramadığını görüb kurslara getdi. Bir ildən çox 200 AZN maaşa mühasib köməkçisi işləyib mühasibatlığı öyrəndi. 8 ilə yaxın mühasib kimi çalışdı. Elə oldu ki, sonuncu işindən ayrılmalı oldu. Uzun müddət yaş məhdudiyyətinə görə iş tapa bilmədi. 45 yaşında yenidən proqram öyrənməyə başladı, hansı ki, hotel mühasibatlığında istifadə olunur və hazırda hotellərin birində mühasib işləyir. Atam deyilənlərə inansaq anamdan ötrü dəli-divanə olub. Amma mən ağlım kəsəndən onu incitməyindən başqa heç nəyini görməmişəm. Yəni dedikləri, haqqında bəh-bəhlə bəhs etdikləri sevgi yox idi. Şiddət var idi, söyüş var idi, anamın göyərmiş üzü, axan göz yaşı, bizim evin mənzərəsi bunlardan ibarət idi. 12 il mən, beş il də qardaşım bu mənzərəni seyr edə-edə, qorxu içində böyüdük. Niyə? Çünki hamının damğası bu idi – sən onunla sevməyə-sevməyə evlənmisən (atam anamı məcbur qaçırıb, o vaxt buna qarşı çıxanlar az idi) indi də sevmirsən, xor görürsən, ona görə bunlar olur. Anamı atamın etdiyi ”kiçik” şeyləri böyüdən mikroskop elan etmişdilər, səbəb də – sevmirsən! Uzun illər bunu ona yükləyib bir yandan da onlar zülm etdilər. Sonra özləri real mənzərəni gördükdən sonra ayrılmağını tələb etdilər. Hərçənd bir müddət sonra ”içsə də, çəksə də, ər idi, balalarının başında durardı” kimi fikirlər deyənlər də oldu. Halbuki o başımızın üstündə 12 il olan adama görə qardaşım uzun illər müalicə olundu. Gecələr davaya, səs-küyə oyanıb qorxudan dəfələrlə sudurğa keçirmişdi. Bu da gələcəkdə daha böyük fəsadlara yol açdı. Bizə göstərdiyi şiddətlər barədə yazmaq istəmirəm. Xülasə, kişi sevdiyi, sevmədiyi, fərq etmir, həyat yoldaşını döyürsə, övladları üçün də eyni dərəcədə təhlükəlidir. Bunu ona görə deyirəm ki, dəfələrlə şiddət məsələsi gündəmə gələndə uşaqları əsas gətirib ailələrin dağılmaması üçün ”həssaslıq” nümayiş etdirənlər var. Gərəksiz… O adamlar uşaqlar üçün də təhlükədir. Anam barədə başda yazdıqlarım isə uşaqla və ya tək, ayrılandan sonra ”nə edərəm?” düşünüb hansısa dəbilə dözən qadınlar üçündür. Heç kim tək yıxılmır. Bunun ən gözəl nümunəsi mənim üçün anamdır. Anam bütün bunları tək bacarıb, heç kim dəstək olmayıb. Iki övlad böyüdüb. Düzdü, özümüzə aid evimiz olmayıb, uzun illərdir kirayə qalırıq, amma dincliyimiz olub. Hamıya qarşı qoruyub. Yorulsa da, heç nədən imtina etməyib, çökməyib. Böyüdükdən sonra ona mən də dəstək oldum. Könül istərdi ki, yenə dəstək olum, ən azı qardaşımın təhsilində. Amma nə edək, hardansa bir mərdiməzar çıxmalıdır və bu imkanı könüllü əldən verməli olursan. Ümid edirəm, bu qısa sürməz və yenidən ona dəstək olmağa davam edərəm. Hərçənd özlərinin hər şeyin öhdəsindən gəlib daha yaxşı həyat yaşamalarını daha çox arzulayıram. Ancaq indiki şərtlərlə bu bir az müşkül. Əlqərəz, möhkəm olun, nə özünüzü məhv edin, nə də övladlarınızı.
Onu da qeyd edim ki, mən atam barədə heç vaxt danışmağı sevmirəm, onu pisləməyi də. Amma tarix təkrarlanır. Sənin olmasa da, başqalarının həyatında. Yalnız buna görə, başqa heç nə. Bilmirəm bu statusum şiddətə məruz qalmış qadınlar üçün nə dərəcədə faydalı ola bilər, sadəcə yazdım, yazmaq istədim…

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma