İlqarənin hekayəsi

ilqare2
İllustrasiya: Ağ zolaq

Adım İlqarədir. 60 yaşım var. İş qadınıyam, Rusiyada yaşayıram. 3 övladım var, biri qızdır.

Mən kənd yerində, çoxuşaqlı ailədə böyümüşəm, altı bacının ən balacası idim. Kənd yerini bilən bilir, bəlkə də indi bir az rahatdır, amma sovet vaxtı hər şey başqa cür idi. Həyətdə mal qara, kolxoz işində pambıq, üzümçülük. Yükün çoxu anamla biz qızların üstündə idi. Bacılarım bir-bir ailə qurduqca, görürdüm ki, elə ər evində də eyni işlər, mal-qara, uşaq, iş, iş, iş. Sanki qadın ancaq işləmək üşün doğulub.

O vaxt başa düşdüm ki, oxumaqdan başqa yol yoxdu. Yoxsa mən də anam və bacılarımın zəhmətdən ikiqat olmuş həyatlarını yaşayacam. Onsuz da yaxşı oxuyurdum, amma daha da səy göstərdim, gecələr, bir az vaxt tapar-tapmaz kitabları əldən qoymurdum. Kənd yeri elədir ki, orda oxuyan oğlan uşaqlarını tərifləsələr də, oxuyan qız uşağını tərifləmirlər, ən azı biz tərəfdə belə idi. Evə gələn qonşu, qohum mənim əlimdə kitab görəndə anama deyirdilər ki, qız uşağıdı sabah ərə gedəcək, orda ona kitab oxutmayacaqlar, iş tələb edəcəklər. Hamının dərdi ancaq qız uşağına iş öyrətmək idi. Nəsə ki, oxudum, universitetə qəbul oldum, jurnalistika fakültəsinə. Elə universitet illərindən işləməyə başladım. Arada qardaşlarım şəhərə gəlir, hər işimə burun soxur, geyimimə qarışır, oudugum kitaba belə qarışırdılar. Maaşımdan artırdığım pullarla onlara paltar hədiyyə alır, ciblərinə xərclik qoyub, könüllərini alırdım, qayıdırdılar kəndə. Çalışırdım, dava düşməsin, öz haqqımı savaşa-savaşa qazanmağa gücüm çatmırdı, başqa cürə həll edirdim məsələni.

Universiteti bitirdim. Uzun illər işlədim. Ailə qurmaq istəmirdim, çünki müstəqilliyimi, təhsilimi və yaşımı qəbul edən adam olmurdu. Kənd qızı idim, valideynlərim kasıb idi, yəqin ki, bunun da təsiri vardı. Ailəm çox əziyyət çəkir, hər ay mənə məktub yazır, yanıma gəlir, məndən ailə qurmaq tələb edidilər. Uşaqlıqdan üzüyola insan olmuşam. Daha doğrusu, istəmişəm ki, heç kimin qəlbini qırmayım, əsas da ailəmə çox düşkün olmuşam. Biləndə ki, anam atam mənə görə əziyyət çəkir, vicdanım ağrıyırdı. Buna görə, sırf onlar əziyyət çəkməsin deyə, kəndimizdən bir oğlana ərə getdim. Bir il sonra Moskvaya köçdük, yoldaşım orda işləməyə başladı. Rus dilini bilsəm də, orda jurnalist işləyə bilmədim, rəqabət böyük idi, həm də elə yerdə jurnalist işləmək üçün gərək çox müstəqil olasan, mənisə yoldaşım gözümü qırmağa imkan vermirdi. Nəticədə evdə oturdum.

Yoldaşımla aram pis idi. Onu sevmədiyimi, mənə heç yaraşmadığını bilirdi, buna görə tez-tez bəhanə edib, məni döyürdü. Arada anası, bacıları bizə gəlir, onlar da yoldaşımı öyrədib, məni döydürürdülər. Bunları ailəmə demirdim, istəmirdim ki, anam mənə görə pis olsun. Əksinə, özümü onların yanında daha xoşbəxt göstədirdim.

Hamilə olanda bir şeyin fərqinə vardım. Moskvada hamilə qadınlar dükana xarici, nadir tapılan mallar gələndə, növbəyə durmurdular, növbəsiz istədiklərii ala bilirdilər. Sovet vaxtı idi onda hələ, hər şey qəhət idi. Cins şalvar, kabluklu ayaqqabı, mayonez və yüzlərlə şey vardı ki, Moskvaya gəlsə də, hamıya çatmırdı. Bakıya isə bu şeylər bəzən heç gəlmirdi. O vaxt ağlıma fikir gəldi. Tələbə yoldaşıma, Bakıya zəng elədim. Ona təklif elədim ki, burdan xarici mal alıb, ona göndərim, o da satsın. Göydə razı oldu, çünki özünə də çox şey lazım idi. Beləliklə, vaxt tapan kimi dükanları gəzir, xarici mala növbə görən kimi, tez gedib alır və Bakıya göndərirdim. Tələbə yoldaşım bu malları Bakı elitasına beş bəzən də on qat baha satırdı. Tez bir zamanda əlimə xeyli pul gəldi.

Pulların bir qismini ərimə verirdim, hiss edirdim ki, mən pul qazanmağa başlayandan bəri xoş davranır, evdən çıxmağıma, gəlməyimə çox qarışmır. Ərimə dövlət mənzil verməli idi, amma bunun üçün də rüşvət lazım idi. O vaxt bunsuz mümkün deyildi. Pulu yığıb ona verdim. Kirayədən öz evimizə köçdük. Yenə tez bir zamanda təmir, mebel pulunu yığıb düzəltdim. Bu müddət ərzində artıq 3-cü uşağım doğuldu. Və bütün hamiləlik vaxtlarını dükanların qabağında keçirmişdim.

Yoldaşım məni daha döyməsə də, xasiyyəti heç xoşuma gəlmirdi. Ümumiyyətlə, insan kimi heç bəyənmirdim onu, indi də elədir. Amma valideynlərim, bacı-qardaşlarım pis olmasın deyə, boşanmırdım. Narazılıqla da olsa, bir yerdə yaşamağa davam elədik. Elə oldu, Sovet dağıldı. O illərdə qəfildən İrandan xeyli azərbaycanlı, Türkiyədə xeyli türk iş adamı gəldi Moskvaya. Onların hamısına oturum izni, iş görüşmələrində tərcüməçi lazım idi. Türkçəmi tez inkişaf etdirdim və türklərə oturum izni almaqda tərcməçi köməyi verməyə başladım. Bu zaman fərqinə vardım ki, oturum izni çox asan olsa da, vəkillər bu iş üçün türklərdən olduqca çoxlu pul alır. Ağləma gəldi ki, özüm vəkil kontoru qeydiyyatdan keçirim. Elə də elədim. İki vəkillə iş müqaviləsi bağladım, ofisimdə işə götürdüm. Bu proses illərlə davam elədi, vəkil şirkətindən sonra şuba tikən bir sex açdım, daha sonra əlimdəki bütün pulu o vaxt Moskvada vüsət almış tikinti şirkətlərinə yatırıb bir neçə tikilməkdə olane evi ucuz qiymətə aldım. Bir neçə ildən sonra o evlərin qiyməti milyonlarla dollar oldu.

Varlandığıma görə nə qürurlandım nə də xoşbəxt oldum. Bircə yaxşı tərəfi odur ki, ailənin hakimiyyəti tamamilə mənə keçdi. Artıq evdə hər şeyə, xüsusilə uşaqlarla bağlı hər şeyə mən qərar verirdim. Həyat yoldaşım uzun zamandır işdən çıxıb, sürücüm və köməkçim olaraq, mənə yardım edir. Qohumlarıma, ərimin qohumlarına xeyli kömək elədim. Daha heç kimin mənimlə problemi yoxdu, heç kimi cəsarət tapıb, gəlib ərimi məni döyməsi üçün öyrətmir. Qaynana da, baldız da, qayınlarım da olduqca hörmətlə davranırlar mənimlə.

Amma mən xoşbəxt olmadım. Boşanmaq üçün özümdə mənəvi güc tapa bilmədim. Əvvəl ata-anama, sonra uşaqlarıma bunu yaşatmaq istəmədim. Uşaqlarım tam böyüyəndə isə, heç bir işi olmayan, məndən başqa heç bir ümidi olmayan ərimi həyatda tək buraxmağa vicdanım yol vermədi.

Amma məsələ elə gətirdi ki, qızımın ailəsi alınmadı. O boşanmaq istəyəndə, həm atası həm də qardaşları, yəni oğullarım qarşı çıxdılar. Bu zaman daha dözmədim. Qızıma tam dəstək verdim. Onun mənim kimi ömrü boyu sevmədiyi bir adamla yaşamasına razı olmadım. Atası və qardaşları ilə üz-göz olmasın deyə, evlərimdən birini ona və uşağın ayırdım, dayə tutdum və həvəsləndirdim ki, özü gedib işləsin. İndi yaşlanmışam. Arada xatirələrimi yazır, kitablar nəşr etdirirəm, nəvələrimə baxıram.

Mənim hekayətim bilmirəm, nə qədər uğurlu hesab edilə bilər. Bircə bunu bilirəm ki, həyatda tək nail olduğum şey, müstəqilliyim və uşaqlarıma tam dəstək ola biləcək qədər, heç kimdən çəkinməyəcək qədər ayaqda dura bilməyimdir.

Təşəbbüsünüzə görə sağ olun. Ümid edirəm, təcrübəm kimisə həvəsləndirər. Qızlara məsləhətim odur ki, maddi müstəqilliyinizi təmin edin. Hətta təmin edilmiş həyatınız, ailəniz olsa da, maddi müstəqllik sizə hər zaman güvən verəcək. Siz heç bir çətinlikdən qorxmayacaqsız.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma