Dəli Kür

Zorakılıq və yaradıcı məsuliyyət

Dəli Kür
Dəli Kür filmindən səhnə

Müəllif: Günel Mövlud

    Adətən, keçmişdə etdiklərimə görə utanmıram, səhvlərim başımı daşa vura-vura çox şey öyrədib. Bununla belə, utandığım bir şey var. Yeniyetmə vaxtlarımda bir dəfə məndən ədəbiyyatda ideal kişi obrazı kimdir deyə soruşmuşdular, cavabında İsmayıl Şıxlnın “Dəli Kür” romanından Cahandar ağanı demişdim.

Halbuki, kim idi Cahandar ağa?  – Həyat yoldaşının üstünə günü (ikinci həyat yoldaşı) gətirən, bir qadını çay kənarında görüb, zorla qaçıran, bacısını çayda boğan, qızına göz verib, işıq verməyən, bir sözlə nəslin bütün qadınlarına qarşı zorakılıq edən adam. Bəs, obraz niyə mənim xoşuma gəlirdi? Bu sualın cavabı çox çətindir, çünki o qədər sosial-psixoloji amillər var ki. Çünki Cahandar ağa mənim tərbiyə edildiyim patriarxal ortamın, ailənin cızdığı, heyran qaldığı, qarşısında əridiyi “kişilik”, ancaq kişilərə aid olan “mərdlik” kriteriyalarına o qədər uyğun gəlirdi ki.

Müəllif də sağ olsun, o cür zorba adama, qadına qarşı o qədər qəddar insana xarizmadan o qədər yükləmişdi ki, istənilən yeniyetmə oğlan üçün Cahandar ağa rol modeli, istənilən yeniyetmə qız üçün isə seviləcək, vurulacaq kişi tipi hesab edilə bilərdi.

Aradan çox sellər-sular axıb, şəxsən mən indi elə obrazlara heyvərə kimi baxıram, amma istər yerli ədədbiyyatda və kinoda, istər günümüz tamaşaçısına təqdim edilən xarici filmlərdə ideallaşdırımış kişi obrazında heç nə dəyişməyib.

Bu yaxınlarda uzun sürən gərgin işdən sonra bir vaxt bolluğu yarandı, ondan istifadə edib, qadın qruplarında müzakirə edilən türk seriallarına baxmaq qərarına gəldim. Hərəsindən bir neçə seriyaya baxanda dəhşətə gəldim. Bütün seriallarda müsbət kişi qəhrəman zorakı, qadınları saymayan, onların fikirləri ilə hesablaşmayan, çox vaxt qadını vuran, əsəbi, kompleksli bir tipdir. Nədənsə serialdakı qadın qəhrəmanların yarısı ona aşiqdir.

Sanki məqsədli şəkildə zorakılıq xarizmatikləşdirilir, romantikləşdirlir. Şillə vurmaq qısqanclıq, dolayısıyla sevgi nümayişi kimi təqdim edilir. Həyat yoldaşı ilə məsləhətləşən, fikrii ilə hesablaşan, ona hörmət edən kişilər isə adətən mənfi obraz kimi göstərilir, aşağılanır, “podkabluçnik” kimi təqdim edilir.

Ən xarizmatik qadın obrazları isə hamıya, xüsusilə öz həmcinsərinə qarşı qəddar olan “hanımağa” qadınlardır, onlar adətən kişilərdən daha patriarxaldır, dərdləri oğul və ya oğlan nəvədir, qız nəvələrə nifrət edir, gəlinlərə qul kimi baxır, özlərini də kişi kimi aparırlar.

Mən bu “haşirət davası”, “ağa”, “hanımağa” söhbətləri ilə zəngin seriallara baxanda düşündüm ki, indi nə qədər gənc qız, gənc oğlan var ki, bu filmlərədn özərinə rol modeli seçir, oğlanlar təsirlənib sevdiyi qıza şillə vurur, qızlar bu cür zorakı, ciddi və kədərli oğlanları xazirmatik hesab edir. Özümün Cahandar ağa heyranlığım heç yadımdan çıxmır.

Yerli yazarlarımız da sağ olsunlar, hətta ən proqressivlərinin də mətnləri seksizmlə doludur. Hələ ən müasirlərimiz hesab edilən Əli Əkbər, Seymur Baycanın belə istər ədəbi, istər pubilisistik mətnlərində qadın qeyri-ciddi, intriqaçı, tamahkar, ikiüzlü tiplərdir və yazarlarımız bu tendensiyadan qətiyyən uzaqlaşma fikrində deyillər. Halbuki, ədəbiyyatın, incəsənətin bu məsələdə məsuliyyəti hamıdan daha çox olmaıdır, çünki o daha kütləvidir, daha çox insana çatır, daha çox insana təsir edir. Öz yazısında qadını aşağılayan, ona qarşı zorakılığı dəstəkləyən qələm adamı bilməlidir ki, bununla onsuz da günü ölkədə təzyiq, hədə, qısnama ilə keçən nə qədər qadına pislik edir.

Hətta mən deyərdim ki, hansısa qərb, avropa qələm adamının seksist çıxışını, yazısını hardasa iqnor etmək mümükündür, çünki onun müraciət etdiyi cəmiyyət osuz da onun cavabını verəcək, ona qarşı kampaniyalar başlayacaq, ya da ən azından ciddiyə almayacaqlar.

Bizim cəmiyyət üçün yazanların isə məsuliyyəti ikiqatdır, seksistliklərinin günah payı daha çoxdur, çünki onları ciddiyə alan, təsirlənib onlar dediyi kimi davranan nə qədər kişi olacaq.  

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma