Nağıllarda qadına yanaşma və qadına qarşı zorakılıq

cinderella-fairy-tale
Sinderellanın nağılından (şahzadə onun sevdiyi qadın olduğunu ayaqqabı ilə yoxlayır)

Müəllif: Turana Nuri

     Uşaqlıq dönəmi insanın kimliyinin formalaşması və cəmiyyətdəki rolunu anlaması baxımından xüsusi əhəmiyyət daşıyır. Nağıllar isə düşünülənin əksinə olaraq, bu formalaşma və anlama prosesində çox böyük rola malikdir. Fərqi yoxdur, valideyn oxuyur, yoxsa uşaq daha sonrakı mərhələdə özü oxumağa başlayır. Uşaqlar hər hansı yolla dünya xalqlarının məşhur nağılları ilə tanış olurlar. Disney kimi məşhur film şirkətlərinin bu nağılları ekrana daşıması ilə bu proses daha da sürətlənir. Disneyin ən məşhur və uşaqlar arasında hələ də aktuallığını qorumağa davam edən cizgi filmləri qadın qəhrəmanların baş rolda olduğu prinses nağıllarıdır. 80-ci illərin sonlarından cizgi film olaraq yayımlanmağa başlayan bu nağıllar dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da uşaqların sevimlisidir. Həmin nağıllar xüsusi ilə qız uşaqlarının formalaşmasına daha çox təsirini göstərir. Qızlar kiçik yaşlardan özlərini həmin prinseslər kimi xəyal edir, onlar kimi geyinməyə, üzərində onların əksi olan əşyalar istifadə etməyə həvəsli olurlar. Azərbaycanın hər hansı bir bölgəsində ibtidai sinfə gedən qız uşaqları üçün satılan, valideynlər və uşaqlar tərəfindən rəğbət görən məktəb ləvazimatlarına diqqət etsək, yonandan çantaya kimi bu Disney prinseslərindən hər hansı birinin və ya bir neçəsinin əks olunduğunu görərik.

Nağıllar uşaqların xəyal gücünü inkişaf etdirir və onlara həll yollarını tapmaqda müəyyən qədər istiqamət verir. Lakin çox təəssüf ki, nağılları diqqətlə təhlil etdikdə uşaqların formalaşmasında faydasından daha çox zərərinin olduğunu görərik.

Dünyanın ən məşhur prinses nağıllarına nəzər salsaq, müəyyən ortaq xüsusiyyətlərin olduğunu görərik:

– Baş qəhrəmanlar adətən kasıbdır, acizdir ya da köməyə ehtiyacı var;

– Nağılın baş qəhrəmanı olan qadın yaşca ən kiçik olanıdır, qadınlara qarşı müəyyən dərəcədə eygizm (ageism – yaşa görə ayrı-seçkilik) var;

– Cadugərlər və nağılın ən “pis” insanları qadınlardır;

– Xilaskar hər zaman kişidir və patriarxal düşüncə təbliğ edilir;

– Qadının xoşbəxtliyinin təminatçıları –  kişi ilə qurulmuş ailə və zənginlikdir;

– Nağılın gedişatında  kasıb olan qəhrəmanlar sonunda var-dövət içində yaşayır. Bunun uşaq psixologiyasına təsiri o qədər böyükdür ki, bir müddət dünyanın ən qabaqcıq təhsil mərkəzlərində uşaqlara “Böyüyəndə kim olmaq istəyirsən?” sualı veriləndə uşaqlar “kasıb” cavabını verirdilər. Çünki sonda xoşbəxtlik vəd olunur;

– Dünyanın ən məşhur nağılları ağdərili baş qəhrəmanlar haqqındadır;

– Nağıllarda eyblist (ableist – əlilliyə görə ayrı-seçkilik) yanaşma var və qəhrəmanlar arasında əlliyi olan şəxslər yoxdur. Əllik və yaşlılıq “kor cadugər”, “axsaq qoca qarı” kimi ifadələrlə uşaqların düşüncəsində mənfi xüsusiyyətlər kimi formalaşdırılır;

– Nağıllar cisnormativ, gender-binar və heteronormativdir. Bu, LGBTQI+ uşaq və yeniyetmələrin öz gender kimliyi və cinsi oriyentasiyasını erkən dövrlərdə anlaması və qəbul etməsində çətinlik yaradır.

Yuxarıda qeyd edildiyi kimi, nağıllarda qadın personajlar ya viktimizasiya, ya da demonizasiya edilir. Kişilər xilaskar kimi göstərilərək, onların qadınlara qarşı zorakılığı diqqətdən yayındırılır. Məşhur nağıllara və həmin nağıllarda qadına yanaşma və qadına qarşı zorakılıq hallarına nəzər salaq:

 

Sinderella

Ögey anası və iki ögey bacısı ilə yaşayan Sindrella hər zaman onların zülmünə məruz qalsa da, yenə də qayğıkeşdir və evin bütün işlərini o görür. Bir gün krallığı prinsi evlənəcəyi qadını “seçmək” üçün ziyafət təşkil edir və ölkədəki bütün subay qızlar həmin ziyafətə dəvət olunur. Lakin bu ziyafətə getmək istəyən Sindrella ögey anası və bacıları tərəfindən zorakılığa məruz qalır. Tək uyğun paltarı parçalandığı üçün ağlamağa başlayan Sindrellanın köməyinə Yaxşılıq Pərisi çatır. O, Sindrellanı bir şahzadəyə çevirir, ona balqabaqdan at arabası və heyvanlardan müşayiətçilər düzəldir. Lakin Sindrella ziyafətdə yalnız gecə yarısına qədər qala bilər. Ziyafətə qatılan Sindrella oradakı oğlan şahzadənin diqqətini çəkir, bu şahzadə onunla rəqs edir və ikisi də ilk görüşdə aşiq olur. Saat 12-də Sinrella tələsik sarayı tərk etməli olur və qaçarkən ayaqqabısı ayağından çıxır. Şahzadə kimi evdən çıxan Sindrella, öz köhnə paltarlarında evə qayıdır. Daha sonra ziyafətdəki şahzadə aşiq olduğu qadını axtarmaq üçün ayaqqabı ilə ölkəni gəzməyə başlayır. Axtarılan qadının ögey qızı olduğunu öyrənən ögey ana Sindrellanı dustaq edir. Buna baxmayaraq, şahzadə sonunda onu xilas edir, ayaqqabı ilə yoxlayaraq əmin olur ki, aşiq olduğu həmin şahzadə Sindrelladır. Daha sonra ögey ana və qızları sürgün edilir, Sindrella şahzadə ilə xoşbəxt yaşayır.

Nağılda qadına yanaşma və qadına qarşı zorakılıq:

–    Sindrellanın ev işlərini görməyə heç bir etiraz etməməsi və bunun onun qayğıkeşliyi kimi təqdim olunması uşaqlar üçün əziyyət çəkən “evdar qadın” obrazını normallaşdırır;

–    Bir şahzadə evlənəcəyi qadını seçmək üçün bütün ölkədəki qadınları hüzuruna çağırır. Bununla qadın nəsnələşdirilir, onu bazarda meyvə seçirmiş kimi digər qadınların arasından seçən kişi ilə evlənməyi özünə şərəf biləcək qədər dəyərsiz biri kimi təqdim olunur.

– Nağıla əsasən, ölkədəki bütün qadınlar cisgender heteroseksualdır;

– Qadının özünü kişiyə bəyəndirmək üçün dəbdəbəyə ehtiyacı olduğu inancını formalaşdırır;

– Şahzadə Sindrellanı tapmaq üçün ayaqqabını ölkədəki bütün qadınların ayağında yoxlayır. Burada iki məqam var:

  1. Bütün ayaqqabını yoxlayan qadınlar onların olmayan əşyanı onların imiş kimi göstərməyə çalışacaq qədər saxtakar və onları istəməyən bir adamla evlənmək istəyəcək qədər qürursuz kimi təqdim olunur;
  2. Qadının xarakteri və ya fiziki xüsusiyyətləri yerinə, onu qeyri-adi edən həyatında yalnız bir dəfə geydiyi analoqu olmayan ayaqqabıdır. Şahzadənin aşiq olduğu qadının Sindrella olduğunu təsdiq etmək üçün onu görməsi kifayət etməli idi.

 

Ağbəniz

Nağılın baş qəhrəmanı çox gözəl bir qızdır. Ögey anası onun gözəlliyini qısqanır və ovçudan ögey qızını öldürüb ürəyini ona gətirməsini tələb edir. “Mərhəmətli ovçu” Ağbənizi öldürmək yerinə meşədə qoyub gedir. Daha sonra Ağbəniz 7 cırtdanın evinə gəlib çıxır. Hamısı bir-birindən mərhəmətli 7 kişi Ağbənizin onlar üçün ev işlərini görməyi qarşılığında ona sığınacaq verməyi qəbul edirlər. Buna baxmayaraq, ögey ana sonunda Ağbənizi tapır və onu alma ilə zəhərləyir. Sonra şahzadə gəlib Ağbənizin nəfəs almayan bədənini sarayına aparmaq istəyir, çünki onu öncədən görüb bəyənibmiş. Daha sonra nəfəs almayan qızı öpən şahzadə onun oyanmasına səbəb olur. Sonda saraylarına gedib ömürlərinin sonuna qədər xoşbəxt yaşayırlar.

Nağılda qadına yanaşma və qadına qarşı zorakılıq:

– Nağılda personajların əksəriyyəti kişidir. İki əsas qadın xarakter var;

– Qadınlara qarşı eygizm var. Yaşı kiçik olan qadın gözəl və mərhəmətli, yaşı böyük olan qadın qısqanc, cadugər və qəddar təsvir olunub;

– Ağbəniz 7 cırtdan tərəfindən yaxşılıqları qarşılığında “evdar qadın” olmağa məcbur edilir və bunu etmək onun borcu imiş kimi göstərilir. Nağıla əsasən, kişilər evə qazanc gətirməli, qadın isə ev işi görüb onlara gülərüzlülüklə xidmət etməlidir;

– Nağılda öncədən Ağbəniz və şahzadənin bir-birini sevməsi qeyd olunmur. Bəyənən tərəf sadəcə şahzadədir və həyati funksiyaları yerində olmayan birini istədiyi yerə aparmaq azadlığını özündə görür. Hətta iradəsi xaricində, nəfəs almayan bir qadını dodaqlarından öpür. Sonda isə qəhrəman olur.

 

Rapunzel

Saçlarının gözəlliyi ilə diqqət çəkən Rapunzel qəddar ögey anası tərəfindən qalada dustaq edilir. Bir gün yolu həmin qaladan keçən bir şahzadə qalanın pəncərəsindən Rapunzeli görüb vurulur. Rapunzeli xilas etmək üçün ona uzun saçlarını pəncərədən aşağı  atmasını təklif edir. İlk dəfə gördüyü yad adama etibar edən qız saçlarını qaladan atır. Şahzadə onun saçları ilə qalaya çıxır və Rapunzelin illərdir xilas olmaq üçün istifadə etməyi ağlına gətirmədiyi, özünün isə qalaya çıxarkən diqqət etmədiyi qala qapısını tapır və qızı xilas edir. Sonra saraylarına gedib, sonsuz xoşbəxtliyə qovuşurlar.

Nağılda qadına yanaşma və qadına qarşı zorakılıq:

– Ağbəniz nağılına oxşar şəkildə qadınlara qarşı eygizm;

– Qadının həyatını dörd divar arasında keçirərək çıxış yolu axtarmaması adiləşdirilir və bunun təbii hal olduğu təəssüratını yaradır;

– Rapunzelin düzgün düşünə bilməyən, qalanın qapısını axtarmağa cəhd edə bilməyəcək və kənardan xilaskar gözləyəcək qədər aciz təsvir olunması. Məsələn, Rapunzel onu xilas edəcək birini gözləmək yerinə, saçlarını kəsərək kəndir kimi istifadə edə, özü qalanın pəncərəsindən qaça bilərdi;

– İlk gördüyü adama etibar edə bilən sadəlövh qadın obrazı;

– Nağılın orijinal versiyasına əsasən, Rapunzel şahzadə onu xilas edərkən 12 yaşında olur. Buna əsasən, nağıl həmçinin erkən nikahı və uşaq evliliyini təbliğ edir.

 

Gözəl və Bədheybət

Nağılın orijinal versiyası fransız novelist Qabriel Syuzen Barbo de Vilnyov tərəfindən 1740-cı ildə yazılıb və həmin dövrün Fransasında sinfi ayrı-seçkilik, varlı və kasıb təbəqə arasındakı münasibətlərdən bəhs edir. Nağılın günümüzdə bir çox versiyası var. Ən məşhur versiyaya görə, ticarətlə məşğul olan bir kişinin gəmiləri batır və xəbər gəlir ki, salamat qalan bir gəmi səhv limana gedib. Həmin gəmini tapmaq üçün yola çıxmalı olan tacir getməzdən əvvəl qızlarından hansı hədiyyələri istədiklərini soruşur. İki böyük bacı bahalı cəvahirat və libas istədiyi halda, təvazökar kiçik qız yalnız bir gül istəyir. Səfərə çıxan tacir çovğun ucbatından yolunu itirir və meşənin ortasında böyük və dəbdəbəli qəsr ilə qarşılaşır. Həmin qəsrə daxil olur və zalda bir-birindən ləzzətli təamlarla dolu masa ilə qarşılaşır. Şam yeməyindən sonra otaqlardan birində yatır və səhər oyandığı zaman zalda qəlyanaltı süfrəsi onun üçün hazır edilmiş olur. Evinə qayıtmazdan əvvəl qəsrin bağçasındakı gülləri görür və qızlarından ən azından birinin arzusunu yerinə gətirmək adı ilə birini dərir. Sonra isə ona qəzəblənimş bədheybətlə üz-üzə gəlir. Bədheybət tacirə yaxşılığa nankorluqla qarşılıq verdiyi üçün ölməli olduğunu deyir. Tacir isə cavab verir ki, gülü qızlarından birinin arzusunu yerinə yetirmək üçün dərib. Bədheybət kişiyə sövdələşmə təklif edir və bildirir ki, qızlarından biri öz istəyi ilə onun sarayına gəlməsə, taciri üç ay ərzində tapıb öldürəcək. Tacir evinə gəlib hadisəni danışdıqda kiçik qızı Bell getmək üçün könüllü olur. Daha sonra bədheybətin qəsrinə gələn qız onun üçün ayrılan otaqda yaşamağa başlayır. Həmin otaqda onun üçün bir-birindən gözəl libaslar və cəvahiratlar var. Zamanla Bell qorxduğu bədheybətə aşiq olur. Məlum olur ki, həmin bədheybət zamanında təkəbbürlü bir şahzadə olub və aşağılayaraq sevgisinə qarşılıq vermədiyi bir cadugər qadın onu lənətləyib. Nağılın sonunda şahzadə yenidən öz görkəminə qovuşur və əhvalat xoşbəxt sonluqla bitir.

Nağılda qadına yanaşma və qadına qarşı zorakılıq:

–    Nağıldakı qadın obrazlarına nəzər salsaq görərik ki, yalnız biri müsbət hesab oluna biləcək keyfiyyətlərə sahibdir. Böyük qızlar var-dövlət düşkünüdür və şahzadənin lənətlənməsinin səbəbkarı olan cadugər qadındır. Hekayənin ən yaxşı qadını yaşca ən kiçik olandır. Nağılda müxtəlif məqamlarda qadına qarşı müxtəlif dərəcədə eygizm hiss olunur;

–    Qadın nəsnələşdirilir və sövdələşmə vasitəsi kimi göstərilir;

–    Qadının öz istəyi ilə əsarəti qəbul etməsi və istəmədiyi biri ilə eyni evdə yaşamağa məcbur olması adi bir hadisə kimi təsvir olunur;

–    Bellin yaşadığı otaqda onun üçün qoyulan bəzək əşyalarına, cəvahirata və təmtəraqlı libaslara nəzərə salsaq, nağıl qadının gözəl və baxımlı olmalı olduğu mesajını verir;

–    Şahzadə təkəbbürünə görə yaşı ondan böyük olan qadını alçaldır. Lakin Bell yaşını belə bilmədiyi, insan görüntüsünün necə olması barədə məlumatsız olduğu bədheybətə aşiq olur. Bu, heteroseksual münasibətlərdə qadının gənc və gözəl olmalı olduğu, kişiyə gəldikdə isə bunların o qədər də əhəmiyyətli olmadığı düşüncəsini formalaşdırır.

 

Yatmış Gözəl

Kral və kraliçaya düşmən olan cadugər qadın onların yeni doğulmuş qızını lənətləyir. Lənətə əsasən şahzadə Avrora 16 yaşına çatanda əlinə iynə batacaq və əbədi yuxuya gedəcək. Övladını xilas etmək istəyən kral fərman verir ki, ölkədəki bütün iynələr və iynəli tikiş alətləri toplansın. Bütün səylərə baxmayaraq, Avrora 16 yaşına çatanda toplanılmış əşyaların yığıldığı otağa gəlib çıxır və tikiş maşının iynəsi əlinə batdığı üçün əbədiyyət yuxusuna gedir. Kral və kraliça çarəsiz qalsalar belə, qızlarını itirdiklərini qəbul edə bilmirlər və onun əbədiyyət yuxusuna yatmış bədənini otağında saxlayırlar. Bir gün yad bir kişi gizlicə saraya gəlir və şahzadə Avroranın otağına daxil olur. Yuxuda olan şahzadəyə heyran olan həmiş şəxs, onun dodaqlarını öpüb sonsuz yuxudan oyanmasına səbəb olur. Sonunda evlənib xoşbəxt yaşayırlar.

Nağılda qadına yanaşma və qadına qarşı zorakılıq:

–    Nağılda qadına onu qorumaq üçün qadağa qoyulması normal hesab olunur;

–    Qadının ona qoyulmuş qadağaya qarşı çıxması faciə ilə nəticələnir;

–    Yad bir kişinin yuxuda olan müdafiəsiz yeniyetmə bir qızı onun istəyi xaricində öpməsi zorakılıq yerinə qəhrəmanlıq hesab olunaraq mükafatlandırılır;

–    Nağılın sonunda ona zorakılıq etmiş yad kişi ilə evlənən şahzadə Avroranın sadəcə 16 yaşı var. Bununla erkən nikah normallaşdırılır.

Dünyanın müxtəlif xalqlarının nağıllarından əlavə, Azərbaycan xalq nağıllarını təhlil etdikdə daha betər mənzərə ilə qarşı-qarşıya qalırıq. Nağıllarda qarşılaşdığımız ümumi mənzərə Azərbaycan xalq nağıllarında da qarşımıza çıxır. Xilaskarı sonda kişi belə olsa, yuxarıda təhlil edilən nağıllar qadın qəhrəmanların həyatını əks etdirir. Lakin Azərbaycan xalq nağıllarında qadın obrazları demək olar tamamilə arxa planda qalır. Məsələn “Üç Bacı” adlı Azərbaycan xalq nağılında divlər tərəfindən dustaq edilən bacılar arxa planda qalır və nağıl daha çox onları xilas etmək üçün gələn kişinin qəhrəmanlığına fokuslanır. Nağılın sonunda isə üç bacı divlərə qalib gəlib onları xilas edən bir nəfərlə evlənir. Üç bacı haqqında başqa bir nağılda isə eyni padşahdan xoşu gələn bacılardan kiçiyi padşahla evlənir və uşaqları doğulanda küçüklərlə dəyişdirilir. Nağıl isə bu qadının uşaqlarının böyüyüb onu tapdığı zamana qədər çirkab içində yaşadığını sonda diqqətə çatdırır.

Azərbaycan nağıllarında fiziki zorakılıq həddən artıq çoxdur, öldürmək isə problemi həll etməyin, cəza verməyin ən sadə yoludur. Zorakılıq və qısqanclığın ailə daxilində xüsusən bacılar və ya qardaşlar arasında olması adi haldır. Bunun bir digər nümunəsini qardaşları tərəfindən xəyanətə uğrayan Məlikməmmədin geri qayıdıb qardaşlarını onların toy günündə öldürməsi ilə görürük.

Nəticə: Uşaqların formalaşmasına təsirlərini nəzərə alaraq, gender-neytral, gender bərabərliyinin təmin olunduğu və inklüziv yanaşmanın təbliğ olunduğu uşaq hekayələrinin sayının artırılması zəruridir. Valideynlər və tərbiyəçilər uşaqlara nağıl seçərkən onların formalaşmasına olacaq mənfi təsirləri nəzərə almalıdırlar. Nağıllar uşaqlara çatdırılarkən maksimal dərəcədə inklüzivləşdirilməlidir.  Uşaqlara zəif, zərif və köməyə möhtac prinseslər və xilaskar kimi təqdim olunan zorakı prinslər haqqında nağıllar yerinə, onların şəxsiyyət kimi formalaşmasına yardım edəcək, tarixdə iz qoymuş dəyərli şəxsiyyətlərin həyat hekayələri və mübarizəsi barədə danışılması daha məqsədəuyğundur.

Qız uşaqlarına şahzadə kimi rəftar edib onlara Disney şahzadələrinin əksi olan əşyalar almaq yerinə, öz güclərini kəşf etmələri, özlərini inkişaf etdirmələri üçün şərait yaradılmalıdır. Qızların, həyatının sonuna kimi saray sərhədləri daxilində “xoşbəxt heteroseksual ailə”ni xoşbəxtlik hesab edən şahzadələr yerinə, tarixdə adını yazdırmış, dünyanı fəth etmiş güclü qadınları nümunə götürməsinə çalışılmalıdır.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma