Televiziya seriallarında obrazların və qadına qarşı zorakılıq hallarının təhili

806x378-1474609817078

Müəllif: Turana Nuri

   Azərbaycan televiziya serialları sektorunda yeni olsa da, uzun illərdir ki, başqa ölkələrin, xüsusən Türkiyənin istehsalı olan TV serialları ölkədə yayımlanmaqdadır. Müxtəlif yaş qruplarına xitab edən bu seriallar istər yetkinlər, istərsə də uşaqlar arasında populyardır.

Seriallar təbliğ etdiyi dəyərlər və anlayışlarla onları izləyən nəslin formalaşmasında, düşüncələrinin yönləndirilməsində xüsusi rol oynayır. Təəssüf ki, hər bir TV serialı üçün müəyyən yaş meyarı olduğu halda, valideynlərin laqeydliyi səbəbindən hətta məktəb yaşına çatmayan uşaqlar yetkinlər üçün nəzərdə tutulmuş seriallara baxır, oradakı obrazları böyüklərdən daha çox mənimsəyirlər. Digər bir məyusedici məqam isə bundan ibarətdir ki, serialların əksəriyyəti verdiyi mesajlar və apardığı yanlış təbliğatdan dolayı, qeyd etdikləri yaş meyarlarına uyğun gəlmirlər.

Uzun illərdir ki, Azərbaycanda yayımlandığı və yerli TV serialları üçün mənbə funksiyası daşıdığı üçün Türkiyə istehsalı olan serialları təhlil etmək daha məqsədəuyğun olar. Patriarxal təfəkkürün cisimlənmiş halı kimi qəbul edə biləcəyimiz türk serialları mühafizəkarlıq, zorakılıq, nifrət nitqi, transfobiya, homofobiya, irqçilik və təbliğ etdiyi hər növ ksenofobiya ilə bütün bir nəsli yanlış şəkildə formalaşdırır. Türk seriallarının Azərbaycanda və dünyada ən məşhur olanları: cisgender heteroseksual insanların emosional münasibətlərini əks etdirən sabun operaları; hamının bir-birinə düşmən olub, bir-birini hər an öldürməyə hazır olduğu mafiya və ya quldurluq janrı; və öncə qeyd edilmiş iki janrı da əks etdirən “töre” (adət-ənənə) janrlarındadır.

80-ci illərdən etibarən yayım hüququ dünya ölkələrinə satılmağa başlayan türk serialları hazırda 70-ə yaxın ölkədə izlənir və bəzi seriallar üçün bu sayın yaxın gələcəkdə 100-dən yuxarı olacağı proqnozu verilir. Türk seriallarından bəzilərinin təkcə ilk seriyası 5-22 milyon arası baxış sayına malikdir ki, onların arasında əksəriyyəti gənc qadınlarda Sindrella kompleksi yaradan sabun operası janrlı yay seriallarıdır.

mafia_seriali
mafia serialı

Silah, ölüm, zorakılığın bütün tiplərinin kompleks halda qarşımıza çıxdığı mafiya və ya quldurluq tipli serialların mənfi təsirləri, apardığı yanlış təbliğat aşkar olduğu üçün təhlili çox sadədir. Bu tip seriallarda qadın obrazlarına söz haqqı verilmir. Həddindən artıq dominant kişilər və sabmissiv (itaətkar) qadınlar arasındakı heteroseksual münasibətlər bu tip seriallarda duz-istiot funksiyası daşıyır. Qadın anadır, bacıdır, baş tacıdır, amma qadınlıq, qadın kimi olmaq utancverici və alçaldıcı haldır. Mafiya və ya quldurluq tipli seriallarda qadın ənənəvi “evdar xanım”dır (serialın əvvəlində olmasa da, bir mərhələdən sonra  “sevgisi üçün” bunu qəbul edir), namusludur və namusdur, uşaq böyütməli, kişiyə itaət etməlidir. Kişilər ilk növbədə silahlıdır (serialın əvvəlində olmasa belə, bir neçə seriya sonra silahdan istifadə etməyə “məcbur qalır”), kostyumlu və ya tünd, xüsusən qara geyimlidir, problemləri zorakılıqla həll edir, öldürmək onun üçün adi haldır.

töre
töre serialı

Töre, yəni adət-ənənə janrındakı türk serialları qan davası, namus cinayətləri, erkən və məcburi nikahlar, uşaq evlilikləri, zorakılığın hər növünün kişi tərəfindən qadına tətbiqi kimi bir çox dəhşətverici prosesin ənənə adı altında təqdim edildiyi seriallardır. Bu janrlı seriallarda da hamının evində ən az bir silah var, üstəlik uşaq və yeniyetmələri silaha aşkar şəkildə yönləndirir. Qadınlar bu tip seriallarda ticarət və alqı-satqı vasitəsidir. Yaşından asılı olmayaraq, hər bir qadın əgər ölmək istəmirsə, ailəsi onu kiminlə evləndirirsə, onunla evlənməyə məcburdur. Namus cinayətlərinə adətən qadınlar qurban gedir, zorakılığa uğrayan qadın viktim bleyminqə (günahlandırmaya) məruz qalır. Qan davalarına son qoymaq üçün qadınlar istəmədikləri kişilərlə evliliyə məcbur edilir. Qadınlar ailələrindəki kişilərdən intiqam almaq üçün vasitə kimi istifadə olunur, cinsi istismara və zorakılığa məruz qalır. Başlıq pulu hələ də aktualdır. Üstəlik, bir qadını satın almaq üçün yetərli sərvətə sahib deyilsənsə, onu ailəndəki başqa bir qadın ilə dəyişdirə bilərsən və ya dəyişdirməlisən ki, bu da “berdel” adlanır.

Digər iki janra nisbətən sabun operası janrındakı türk seriallarında zorakılığı təhlil etmək bir qədər diqqət tələb edir. “Sevginin gözü kordur, qulağı kardır, dili laldır” kimi stiqmatik klişelər o qədər ön plana çəkilir ki, müəyyən bir mərhələdən sonra bu tip serialları izləyənlər üçün nə baş verdiyinin fərqi olmur. Onlar sonda mükafatları olacaq xoşbəxt sonluğa fokuslanırlar. Məhz bu Disneyvari kontekstdə serialların reallığı daha çox əks etdirən kədərli sonluqla bitməsi izləyicini məyus edir. Film şirkətləri isə bunun həlli olaraq bizə adətən sağ qalan qəhrəmanın ölmüş sevgilisinə sadiq qalıb, uşağını böyütdüyü sonluqlar təqdim edirlər ki, burada da sağ qalan adətən qadın olur.

Türk sabun operası serialları əvvəllər İspaniya və Braziliyanın bu janrda olan seriallarının təsiri ilə çəkilirdi. Bu tip seriallarda baş rollarda olan heteroseksual qadın və kişinin münasibətləri daha aşkar idi. 2014-2017-ci illərdə Cənubi Koreya istehsalı olan K-Dramaların türk versiyaları çəkilməyə başladı. Burada isə baş rollardakı tərəflər arasında cinsi münasibətlər aşkar deyildi və tərəflər arasında uzun seriyalar boyunca cinsi gərginlik hiss olunurdu. Son bir-iki ildə isə onlayn platformalarda yayımlanan yerli yazarların ssenariləri aktuallığını artırıb və tərəflər arasındakı münasibətlər daha xaotik və qarışıq bir hal alıb.

Türk TV seriallarında konkret qəlibləşmiş qadın və kişi obrazları var:

  • Qadın obrazları baş rolda olub-olmamasından asılı olmayaraq, passiv və sabmissivdir (tabe olandır). Kişilər isə aktiv və dominant mövqedədir. Dominant qadın obrazları isə adətən serialın mənfi personajlarıdır və onların gücü kişilərə əsaslanır. Əgər kişi həssas, sabmissiv və ya passivdirsə, bu, yetərsizlik kimi qəbul olunur.
  • Mübariz və öz gücünə arxalanan qadın obrazları demək olar ki, yoxdur. “Güclü qadının arxasında mütləq ki, onu dəstəkləyən güclü kişi olmalıdır” heteroseksual, gizli homofobik klişesi yeridilir.
  • Qadınlar adətən düzgün qərarlar vermək iqtidarında deyillər, səriştəsizdirlər və onları çətin vəziyyətdən daima kişilər xilas edir. Hətta janrından asılı olmayaraq, türk seriallarında müxtəlif heteroseksual cütlüklərin tanış olma səhnələrini analiz etsək görərik ki, əksəriyyətində qarşılaşma səhnəsi qadının ehtiyatsızlığı və bu ehtiyatsızlıq zamanı kişinin onu xilas etməsi ilə bağlıdır (qadını maşın vurması, hardansa yıxılması, diqqət dağınıqlığı və s.).
  • Zorakılıq sevgi adı ilə təqdim olunur. Burada xüsusilə psixoloji və verbal (şifahi) zorakılığa diqqət çəkmək məqsədəuyğundur. Türk seriallarında qadın və kişi arasında hər hansı bir səbəbdən yaranmış münaqişə zamanı tərəflərin reaksiyalarını təhlil etsək görərik ki, qadınların verdiyi reaksiyalar adətən ağlamaq, susmaq, qaçmaq, şifahi müdafiə və ona edilən zorakılıqlara eyni formada qarşılıq verməyə çalışmaqdır. Kişilərdə isə reaksiyalar, aşağılama, istehza, həqarət, söyüş, yox saymaq, qadını atıb getmək və ya ayrılmaqla hədələmək, günahkar hiss etdirmək (“…sənə görə oldu”) şəklində olur. Psixoloji və verbal zorakılıq seriallarda qısqanclıq kimi, qısqanclıq isə sevgi kimi xarakterizə olunur. Məsələn, qadının geyindiyi paltarın “uyğunsuz” olduğunu düşünən kişi qadının geyim anlayışını tənqid edərək ona psixoloji zorakılıq etdiyi halda, qadın “məni qısqanır, çünki sevir” cəfəngiyyatı ilə özünü buludların üzərində hiss edir.
  • Kişinin xəyanəti bağışlana bilər, hətta bağışlanmalıdır. Qadın xəyanət edibsə, “əxlaqsızdır”. Kişi hər nə edirsə etsin, əgər peşman olduğunu dilə gətirirsə, yetərlidir, qadın hər zaman bağışlayan, hətta qürursuz tərəf olmalıdır. Kişi bağışlayan tərəf olarsa o, “yetəri qədər” yaxşı kişi deyil və “qeyrətsizdir”.

Azərbaycan seriallarına gəldikdə isə ssenari üçün mənbə adətən türk serialları olduğu üçün vəziyyət çox da fərqlənmir. Hətta mentalitet adı altında təbliğ etdikləri də daha çox zorakılığa meyllidir. Aktyorlarının böyük bir qismi süni təssürat yaratdığı üçün yerli seriallara rəğbət türk seriallarına nəzərən çox aşağıdır.

Azərbaycanda xüsusilə gənc qadınlar arasında sabun operalarının ən rəğbət görən tipi Türkiyə istehsalı olan yay seriallarıdır. Romantik komediya janrında olan bu seriallarda da kişi və qadın rolları qəlibləşmiş formada izləyiciyə təqdim olunur. Bu tip seriallarda baş rollarını adətən, akyorluğa yeni başlayan və ya aşağı dərəcə hesab olunan aktyorlar oynayır. Yay seriallarının kişi obrazları adətən Asiya ölkələrinin əyləncə sektoru idollarının geyim tərzinə sahib, varlı, yaraşıqlı, əzələlidir, yalnız fimlərdə gördüyümüz bahalı maşınlardan birinə və ya bir neçəsinə sahibdir. Simmetriya xəstəliyi, işinə düşkünlüyü, özünəməxsus qaydaları var. Centlmendir, hesabı hər zaman o ödəyir. Ya işi ilə eşq yaşayır, ya da qızbazdır. Kristian Qrey xarakterli kişilər buz tutmuş qəlblərini əridəcək, divarlarını yerlə bir edəcək xilaskar, bakirə bir qadın axtarışındadırlar. Qadın obrazları isə maneken prototipinə sahib, ailəsinin yükünü çiyinlərinə almış, ekstravert, xidmət sektorunda işə ehtiyac duyan sadə gözəlliyi olan qızlardır. Kişinin onları kəşf etməsi üçün dəyişdirilməyə, fərqli görünməyə ehtiyac duyurlar və Sindrella klişesi demək olar hər yay serialında qarşımıza çıxır.

yay_seriali
yay serialları

Yay seriallarının tətbiq etdiyi qadın və kişi qəlibləri yanlış personajların ideallaşdırılmasına gətirib çıxarır. Belə ki, sevimli, şən, pozitivliyi yüksək, maddi vəziyyəti aşağı olan, yaxşı təhsil ala bilməmiş qadın ideallaşdırılır. Həmin qadın zəif və “zərifdir”, daima müvazinət problemləri var (həmişə yıxılmağa hazırdır və hər dəfə kişi tutur) və bacarıqsızdır. Karyerası xidmət sektorunun aşağı pillələri səviyyəsindədir. İdarəçi mövqedə dayanan, yüksək dərəcəli təhsilli qadınlar yay seriallarının sevilməyən, yüngültəbiət obrazları hesab olunur. Bir qadın nə qədər çox iqtisadi gücə sahibdirsə və öz ayaqlarının üzərində dayana bilirsə, o qədər əxlaqsız və ekstravaqantdır. Amma məsum baş qəhrəman əxlaqlı və namusludur. Bəkarətini və ürəyini bir gün sevgisi ilə dəyişdirəcəyi qızbaz kişi üçün saxlayır. Digər bir gülünc tərəf isə ondadır ki, qadın kişinin sahib olduğu bütün var-dövlətdən xəbərdardır, həmin kişini tərif edərkən varlı olmasını, az qala maşınının markasını həmişə vurğulayır, amma onun var-dövlətdə gözü yoxdur.

Yay serialları az danışan, son söz demə kompleksi olan, tanıdığı-tanımadığı qadını qolundan sürüyüb istədiyi yerə aparan, qadının icazəsi olmadan ona toxunan və hətta öpən, empatiya duyğusu olmayan, əskik ünsiyyət qabiliyyətli, seksist, hətta bəzən sadist kişini ideallaşdırır.

Seriallarda bizə təqdim olunan qeyri-real obrazlar real insanlara yanlış nümunə olur. Son zamanlarda qadına qarşı zorakılığa diqqət çəkmək adı ilə zorakılığın aşkar və amansız şəkildə nümayiş olunduğu serialların sayı daha da artıb. Maraqlısı budur ki, bir-birini sevən və qayğı göstərən cütlüklərin intim səhnələri senzuraya məruz qaldığı halda, zorakılıq səhnələri kifayət qədər aydın yayımlanır. Qadınlara qarşı zorakılıqla mübarizə aparmaq adı ilə qadınların psixoloji, şifahi, sosial, iqtisadi, fiziki və cinsi zorakılığa məruz qaldığı, qətlə yetirildiyi səhnələr çəkilərək yenidən zorakılıq istehsal olunur. Psixoloji, fiziki və cinsi zorakılıq kompleks şəkildə pornaqrafikləşdirilərək kontekstdən uzaqlaşdırılır.

Bu səhnələri qələmə alan ssenaristlərin əksəriyyəti məhz qadınlardır. Hansılar ki, mükafatlandırma mərasimlərində güclü qadınlar üçün çalışdıqlarını qürurlanaraq dilə gətirirlər. Bu ssenarilər mizogenik təfəkkürün məhsulu olan “qadının düşməni elə qadındır” klişesini təsdiqləməkdən başqa heç bir işə yaramır.

Güclü qadınlar zorakılığa boyun əyən, onu xilas etsin deyə kişiyə ehtiyac duyan qadınlar deyil. İllərlə zorakılığa məruz qalmış, yaxınlarını zorakılığa görə itirmiş, travmaları, psixi və psixoloji problemləri olan insanların bu ssenarilər əsasında çəkiləcək seriallara baxa biləcəyi ehtimalı nəzərə alınmalıdır. Əgər həqiqətən məqsəd güclü qadınlar üçün mübarizə aparmaqdırsa, güclü, kişi dəstəyinə arxalanmadan öz ayaqları üzərində dayana bilən, mübariz qadınlar haqqında ssenarilər yazmaq və seriallar çəkmək daha məqsədəuyğundur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma