Sonanın hekayəsi

Sonanın_hekayəsi

Adımı demək istərdim, amma qohumlarım internetdən aktiv isitifadə edən adamlardır. Ona görə də, dəyişim, Sona olsun. Hekayəmi danışım olduğu kimi. 

17 yaşım olanda bir kənd müəlimi qaçırdı məni. Zorla qaçırmışdı, amma yaraşıqlı oğlan idi, mehriban, mədəni. Tez vuruldum ona, yəqin ki, uşaq idim ona görə. Toy elədilər, sonra nikah, sonra da ilk uğursuz hamiləliyim oldu. Yoldaşımın anası ilə bir evdə qalırdıq, zəhmi yeri-göyü yaran bir qadın idi. Yoldaşım tez-tez şəhərə gedirdi, o günlər qara günlərim olurdu. Qaynanamla tək qalan kimi, saatlarla üstümə qışqırır, evdəki əşyaları yanımda vurub qırır, saçımdan tutub yolurdu. Bunları qorxumdan gizlədirdim, çünki qaynanam həm ərimin, həm də qohumlarımın yanında özünü o qədər mədəni qadın kimi aparırdı. Düşünürdüm heç kim mənə inanmayacaq.

Günlərin birində anam gəlib, evin yanında ötəndə qaynanamın mənə bağırmağını eşidib. İçəri girib, saçlarımı onun əlindən aldı, qolumdan tutub zorla evimizə apardı. Dedi ki, sən daha o evə getməyəcəksən. Dərdi məni döymələri deyildi, anam çox eqoist qadındır, deyirdi ki, heç kim deyə bilməz ki, filankəsin qızını ər evində döyürlər. Yoldaşım gəlib yalvardı ki, başqa ev tutaq, ikimiz qalaq. İstəyirdim əslində, amma uşaq idim, anamdan qorxdum. 

Özü məni evimizə dartıb gətirən anam bir neçə ildən sonra boşanmağımı, uğursuz evliliyimi başıma vurmağa başladı. Belə edirdi ki, tez ailə qurum, o da rəfiqələrinin yanında qürurlansın. Amma mən oxumaq istəyrdim, daha bir evlilik deyil. 

Ailəmizdən heç kim istəmədi oxumağımı. Dedilər kimdir sənin şəhərdə kirayə haqqını verən, üstəlik də boşanmış cavan qadın? Adımıza min söz gələcək. 

25 yaşıma qədər bacı və qardaşlarımın uşaqlarına, anama qulluqçu kimi yaşadım. Nə iş buyursalar getməli idim, etiraz etməyə haqqım yox idi. Bacılarımla mübahisə edəndə, anam və qardaşlarım deyirdi ki, onun əri var, gedib evinin arvadı olub, sənsə qayıtmısan üstümüzə, adamyarıtmazsan, dilin olmasın, sus.

25 yaşım olanda ikinci dəfə ailə qurdum. Bu dəfə sevib getmişdim. Hündür, yaraşıqlı, işgüzar bir adam idi. Amma vurgunluğum keçdikcə insan kimi gözümdən düşürdü. Çoxlu yalan danışır, yalan vədlər verir, mənə olmasa da, başqalarına qarşı pislik etdiyini görürdüm. Vaxt keçir, mənsə tədricən ondan iyrənirdim. Bir gün mübahisəmiz düşdü. Ailəm haqda çox pis sözlər işlətdi. Daha gecikmək istəmədim. Elə o gün evimizə qayıtdım. Amma demə gecikibmişəm. Bir aydan sonra hamilə olduğumu öyrəndim. 

Anam və qardaşlarım uşağı abort etdirməyimi istədilər. Bu dəfə güc gəldi mənə sanki. Dedim etməyəcəm. İsətyirsiniz məni hamilə-hamilə öldürün. Amma abort etməyəcəm. 

Beləcə, qızım doğuldu, Mələyim. Gözəl gözlü, qarakişmiş qızım. Uşaq vaxti anam da, başqa qohumlar da sevmirdilər qızımı. Atasi nə aliment verir, nə də uşağına baxırdı, açığı, heç mən bizimlə maraqlanmasını da istəmirdim. Kasıb ailədən deyildim, şükür, evdə mənə qarşı münasibət isti olmasa da, ailəm mənə ya qızıma korluq verməyi özünə sığışdırmazdı. 

31 yaşım olanda bir dəfə də sevdim. Bu dəfə özümdən 5 yaş böyük, amma heç vaxt evlənməmiş bir adam idi. Heç kim inamadı ki o mənimlə evlənər. Çünki mənim uşağım vardı, ailəli olmuşdum, hamınını gözündə dəyərsiz idim. O isə subay adam idi, deyirdilər ki, istəsə, 18 yaşlı cavan qız da ala bilər. Bunu öz anası da deyirdi, mənim anam da. Amma o əl çəkmədi. Evlərində şərt qoydu ki, ya indi mənimlə evlənir, ya da onun evlənməyindən ömürlük əl çəksinlər. Buna görə razı oldu ailəsi. 

Ailə qurdum. Amma kaş ki, bunu etməyəydim. Bu dəfə həyat yoldaşım 4 il özünü mələk kimi göstərib, sonradan canavar üzünü açdı. Məni döyməyə başlayanda, özümə söz verdim ki, dözəcəm, çünki bacılarım, qardaşlarımdan “adımızı rüsvay eləmisən” ittihamını eşitmək istəmirdim, daha buna gücüm qalmamışdı. Amma cəzasız qalan adam dayanmır. Günün birində qızımı vurdu. O an içimdəki gücü bir daha hiss etdim. Qızımı da götürüb, çıxdım evdən. 

Bu dəfə boşanmamı qəbul eləmədilər. Anam da, qardaşlarım da dedilər ki, bu evdə sənə yer yoxdur. 3 dəfə boşanan qızı biz qəbul edə bilmərik. Ərinin evindən başqa sənə qapı yoxdur. 

Amma qayıtmadım. Rəfiqəmin evinə getdim. Bir müddət onunla qaldım. Sonra kirayə tutdum. Qonşuluqda uşaqsız, 50 yaşlarında kasıb bir qadın vardı. O qədər kasıb idi ki, gündə bir dəstə ispanaq alıb, qaynadıb yeyirdi. Onunla danışdım ki, gəlib bizdə qalsın, uşağa baxsın, evdə istədiyini yesin. Bir az da pul verəcəyimi dedim. Təki qızıma məktəbdən sonra hayan olsun. O vaxt qızımın təxminən 10 yaşı vardı. 

Görünüşcə gözəl qadın idim, indi bir az yaşlanmışam, amma yenə də çox gözəl görünürəm. Amma bu görünüşlə kafedə qabyuyan, bazarda alver edən, perajki satan, küçədə qazlı su satan qadın olmaq çətindir. Bilirlər ki, sənin pula ehtiyacın var, ona görə əxlaqsız təkliflər gündə başından sel kimi yağır. O qədər gözəlliyimin bəlasına düşmüşəm ki. Saymaqla bitməz. 

Ofis işi üçün gedirdim, rus dili istəyirdilər, ingsilis dili istəyirdilər. Başıma o qədər döyürdüm ki, axı mən niyə o qədər illəri bacılarıma, qardaşlarıma qulluq edənə qədər dil, kompüter öyrənmirdim. Ona görə də, indi qabyuyan işləryirdim, gecələr rəfiqələrimə zəng edib, çalışırdım ki, onlara kosmetika firmasının mallarını satım. 

Bu peşmançılığın mənə o xeyri oldu ki, qızımla bağlı güclü planlar qurdum. Qazandığım pullardan yeməkdən nə artırdısa, qızımın təhsilinə veridim. İlk olaraq onu rus sektoruna keçirdim. Bunu üçün düz bir il hazırlaşdı rus dilindən. Rus sektorunu xeyrini gördüm, qızım daha yaxşı oxumağa, daha inkişaf etməyə başladı. İnglis dili müəliminə də il uzunu pul tökürdüm. Yeniyetmələri inkiaf etdirən kurslar gördükcə yazdırırdım, evə kompüter aldım, dərsliklərindən pul əsirgəmədim. 

Sonrası necə oldu? Mələyimin 26 yaşı var indi. Modeldir. Xarici dillər fakültəsini bitirib. Maddi sıxıntımız yoxdur. Tez-tez ölkə içi səfərlərə çıxırıq, qızım başqa ölkələrə də səyahət edə bilməyimiz üçün pul yığır. Ailə qurmağa nə özü tələsir, nə mən tələsdirirəm. 

Ailəmi də, qızımın atasını da bağışıamışam, icazə verirəm görüşmələrinə. Amma qızım özü soyuqdur onlara qarşı. 

Özüm həyatda heç nəyə nail olmadım. Amma uğurlu bir qız yetişdirdim. Heç vaxt ona dəstəyimi kəsmərəm. Onun dəyəri mənə görə ərə getməyi ilə ölçülmür, 5 dəfə də ərə getsə dəyəri gözümdə azalmayacaq. O, qızımdır, vəssalam. 

Özüm bunu hiss etmişəm deyə, məni çox yandırır, qızların ailələri onları ərə getmədiyinə  görə incidəndə. Ya da boşandığına görə ikinci dərəcəli biri sayanda. Bunu heç vaxt qızıma yaşatmaram. 

3 ərim olub. İkisi döyüb məni. Birində özümə, o birində qızıma görə dözməmişəm. Amma indi yadıma düşəndə ki, döyülməyimə dözürdüm, utanıram buna görə. 3 dəfə boşandığıma görə utanmıram, çünki utanacaq bir şey görmürəm. Amma döyülməyimə dözdüm deyə, utanıram. Çünki heç bir peşəm olmadığı halda, ən aşağı işlərdə işləyib, yenə də özümü də, balamı da dolandıra bildim. 

Nə bilim, bəlkə bu kimisə ruhlandırar. Bəlkə düşünən olar ki, gedib kiminsə qabını yuyub, qulluqçuluq eləmisən. Ondansa, ərində oturaydın. Mən bunu bacarmıram. Kafedə qab yumuşam, amma evimdə öz evimin agası olmuşam, ürəyim istədiyi kimi, balamla rahat yaşamışam. Bu rahatlığı heç nəyə dəyişmərəm. 

Gündə 200 nəfərin qabını yumaq, sənə bir tikə çörək verir deyə, gündə 200 minnət qoyan adamla bir evdə yaşamaqdan min dəfə daha rahatdır. Əllərim qabar olsa da, ürəyim rahat olub. 

Mənim üçün uğur budur. 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma