İkinci evimiz

məktəb

    Gəlin,  bu gün hamımızın çox yaxşı bildiyi, amma əksəriyyət tərəfindən gözardı edilən bir mövzu barədə düşünək. Qadına qarşı zorakılıq deyəndə çoxumuzun ağlına məişət zorakılığı, qadınların təhsil almağının qarşısının alınması, onlarla seksual obyekt kimi rəftar olunması və s. gəlir. Amma qadına qarşı zorakılığın çox incidən, yaralayan, eşidilməyən, fikir verilməyən, “məsum” formaları var ki, hər gün, hər saniyə gənc qızların qanadlarını qırır, xəyallarını söndürür, öz gücünə və şəxsiyyətinə inamını zədələyir. Bunu öz evlərindən əlavə, getdikləri hər yerdə, ən pisi isə, onları bu həyata hazırlamalı olan məkanda yaşayırlar.

Bu gün 5 yaşlı xalam qızı ilə danışırdım. İdman barədə söhbət edərkən dedi ki, qızlar zərif olur. 5 yaşlı bir uşağın indidən belə manipulyasiyaya məruz qalmış olduğu mənə çox pis təsir elədi. Çünki onun özünün bu qərara gəlməyi məntiqli deyildi. Şübhəsiz, bunu ona öyrətmişdilər. Amma düşündüm ki, bu məsələni elə belə də qoymaq yerinə, onunla danışmağa çalışım:

“- Zərif nə deməkdi?  “Qızlar zərif olur” nə deməkdi?

– Yəni qızlar incə olur da, zəif olurlar.

– Bunu sənə kim deyib?

– Bağçada Nazilə müəllimə deyir ki, qızlar oğlanlardan zəif olur.

– İnanırsan sən buna?

– Hə…

– Niyə? Hardan bilirsən ki, qızlar zəif olur?

– Məsələn… 40 yaşında qız 40 yaşında oğlandan balaca olur. O qədər güclü olmur.

– Bəs axı 40 yaşında elə oğlan var ki, başqa 40 yaşında olan qızdan güclüdü, amma elə 40 yaşında qız var ki, o da 40 yaşındakı başqa oğlandan güclüdü. Elələri də var ki, eyni dərəcədə güclüdü.

– Hamısı 40 yaşında?

– Hə. Hər yaşda hər gücdə adam ola bilər də. Yox? Məndən güclü oğlan da var, məsələn, məndən zəif də. Nə olsun ki?

– Müəlliməm deyir ki, qızlar zərif olur.

– Qız zərif ola bilər. Amma olmaya da bilər. Bütün qızlar zərif olmur ki. Həm də zərif olmaq, zəif demək deyil.

– Mənim atam anamdan böyükdü. Ondan hündürdü.

– Amma bütün oğlanlar bütün qızlardan böyük olmur axı. Sən anandan daha balaca oğlan görməmisən?

– Görmüşəm.

– Qız, oğlan olmağın güclü olmaqla elə də əlaqəsi yoxdur. Qızlar da idmanla çox yaxşı məşğul ola bilərlər.”

Baxdım ki, uşağın başı qarışır. Hələ bağçada olan çox kiçik yaşlı qızlara bunun deyilməyi sadəcə olaraq ürəyimi qırırdı. Düşündüm ki, demək əvəzinə bəlkə elə göstərim ona? Yəqin ki, ətrafında bu cür diskriminasiya xarakterli sözləri çox eşidir, hələ də çox eşidəcək. Amma onlara inanmağa deyil, onlara inanmamağa kömək edə bilərəm.

Bu yaxınlarda bir video paylaşmışdılar, paralimpiyaçı, taekvondo üzrə ikiqat dünya, üçqat Avropa çempionu Aynur Məmmədova haqqında idi. İlk yadıma düşən o oldu. O videonu tez yutubda tapıb uşağa göstərdim. Aynurun elədikləri, qalib gəldiyi yarışlar barədə ona danışdım. Artıq xalam çağırırdı onu, ona görə də getməzdən əvvəl Serena Vilyamsın tennis yarışmalarından birindən fraqment göstərməyə vaxtım çatdı. Cinsinin “zəif” olaraq damğalandığı kiçik bir qızın belə güclü qadınları, oğlanlara xas sayılan şeylərlə məşğul olan qadınları görməyi mənim üçün çox vacib idi. Elə maraqla baxırdı ki. Suallar da verirdi.

Qapıdan çıxmazdan əvvəl onu çağırıb yenidən soruşdum:

– İnanırsan ki, müəllimən düz deyir? Qızlar zəif olur?

– Yox, –  gözümün içinə baxaraq, əminliklə dedi.

Bu, axırıncı dəfə olmayacaq ki, mən onunla bu barədə danışıram. Hər dəfə bizə gələndə bu barədə söhbət açacam. Ona videolar göstərəcəm. Çox xoşbəxtəm ki, istənilən an, istənilən bir mövzu barədə “qız bunu edə bilməz” deyilən istənilən sahədə bunun yanlışlığını sübut etmək üçün nümunə göstərə biləcəyim uğurlu və güclü qadınlar var. Bütün dünya “bacarmazsan” deyə qışqırsa da, bunun əksinin canlı sübutu olan qadınlar göstərə biləcəm ona.

Balaca uşaqların, qızların qabağına daşlar hörməyə o qədər kiçik yaşdan başlayırlar ki, buna vaxtında müdaxilə etmədikdə nəticələri çox fəsadlı ola bilir.

Mənim iki xalam qızı var: biri bayaq haqqında danışdığım 5 yaşlı qızdır, digəri isə 5-ci sinifdə oxuyur. 6-cı sinifdə oxuyan bacım və 7-ci sinifdə oxuyan bir dayım qızı var. Bəzən məktəbdə onlara müəllimlərin rəftarı barədə şikayət edirlər. Ağlıma gəldi ki, bəlkə onları da çağırım, onlar da məktəbdə qarşılaşdıqları haqsızlıqlar barədə təcrübələrini bölüşsünlər.

Çox vaxt insanlar düşünür ki, kiçik sözlər, dilimizə hopmuş diskriminativ ifadələr o qədər də əhəmiyyətli deyil, feministlər sözlərə baş yormaqla ancaq vaxt itirirlər. Gəlin, sizə o sözlərin açdığı yaraları, səbəb olduğu diskomfortu, gənc qızlara vurduğu ziyanı göstərim.

Mən onlardan soruşdum ki, məktəbdə qız olduqları üçün onlara qarşı xüsusi bir ayrı-seçkilik olurmu. Hamısı bir ağızdan danışmağa başladılar. Bu reaksiyanı həqiqətən gözləmirdim. Məktəbdə özüm də çox haqsızlıqla qarşılaşmışam, amma məni bir baxımdan sevindirən o oldu ki, ən azından bunun haqsızlıq olduğunu dərk edirlər, bu hərəkətləri “belə də olmalıdır” deyə qəbul etmirlər.

5-ci sinifdə oxuyan xalam qızının danışdıqları ilə başlamaq istəyirəm. Deyir ki, hər dəfə idman dərsində idman müəllimləri onlara bu tipli sözlər deyir: “Qızlar, siz zəifsiz, sizin gücünüz yoxdur. Sizin üzünüzə, gözünüzə bir dəfə top dəysə, o saat ağlayarsız, dözə bilməzsiz. Sonra valideynləriniz mənim üstümə gələr ki, uşağımızı niyə belə eləmisiz. Oğlanlara top dəysə, ağlamayacaqlar.”

Hər dəfə onlar gedib futbol oynamaq istəyəndə aldıqları reaksiya buna bənzər bir şey olur. Bir dəfə də müəllimin belə cavab verdiyini xatırlayır: “Yox, siz gedin, ortadaqaldı, volleybol-filan oynayın, qız oyunları oynayın, futbol oynasaz, zədələnərsiz.”

Riyaziyyat müəllimələri həmişə oğlanları tərifləyir, deyir ki, sinfin oğlanları riyaziyyatda daha yaxşıdır, halbuki sinfin qızları da bu sahədə kifayət qədər çalışqan və uğurludur. Həmin müəllimə qızların tənəffüsdə idmandan danışdığını eşidib, sinfi yığıb deyib ki: “Siz qızlar elmlə məşğul olmalısız, tənəffüslərdə də bu barədə danışmalısız. Oğlanlar da elmlə məşğul olmalıdılar, amma onlar oğlandı da…”

Siniflərində bir gün bir qız həmişəki ətəyini yuduğuna görə başqa və daha qısa bir ətəklə dərsə gəlməli olub. Həmin müəllimə bütün sinfin içərisində: “Sən qızsan, ətəyini yumusansa, ona qədər təzəsini alıb geyin. Siz qızların belə geyinib, belə gəzməyiniz abırsızlıq deməkdi.”

Təkrar edirəm, bu uşaqlar 5-ci sinifdə oxuyurlar və çoxunun 11 yaşı var.

Təsəvvür edə bilirsizmi ki, bütün bir sinfin içində mütəmadi olaraq yanında oturan bir şəxsdən daha gücsüz, intellektual baxımından zəif olduğunu eşitmək necə bir hissdir? Yoxsa fikirləşirsiz ki, uşaqlar bunu anlamaq iqtidarında deyil, ya da o qədər əhli-kefdirlər ki, buna heç fikir vermirlər? Özlərindən soruşdum. Fikir verirlər, anlayırlar, kədərlənirlər, utanırlar və hər növbəti gün daha da qəzəblənirlər.

Bacım daha çox tarix müəllimindən şikayət edir. Deyir ki, tarix dərsində sinifdəki oğlanların biri ağlayırdı. Dərs başlayanda müəllim həmin oğlanı gördü və yanına çağırdı: “Kişi ağlamaz, kişi güclüdür, möhkəm olmalıdır. Qızlar zərifdi, onlara heç nə demirəm, siz möhkəm olmalısız ki, onların arxasında dura biləsiz.” Bu sözlər barədə o qədər danışmaq olar ki. Əvvəla, bu oğlanların özünə qarşı haqsızlıqdır, oğlanların həmişə möhkəm olmaq, hər şeyə dözmək, kiminsə arxasında durmaq kimi bir məcburiyyəti yoxdur, olmamalıdır. Kiçik oğlan uşaqlarına belə davranılması, hisslərinin heçə sayılması qəbuledilməzdir. Bacımın da elə ilk diqqətini çəkən bu imiş ki, nəyə görə onun ağlamağa icazəsi yoxdur.

Digər tərəfdən də bunun qızlara verdiyi mesaj da kifayət qədər “zəhərli”dir. Sanki onlar həmişə qorunmaq üçün, arxalarında dayanmaq üçün kiməsə ehtiyac duymalıdırlar. Özlərini müdafiə edə bilməzlərmiş kimi. Bacım və başqa qızlar hətta dərsdən sonra bu barədə şikayətləniblər. Onlara da pis təsir edib ki, “bizə lazım deyil, oğlanlar bizi qorusun.” Kiçik qızlara həmişə bir yarımçıqlıq hissi, həmişə bir yetərsizlik aşılanır.

Hətta bacımgilin oxuduğu məktəbdə direktor müavini 6-cı siniflərə bir dəfə deyibmiş ki: “7-ci sinifdə sizi sürüyəcəm, əsas da siz qızlar, sizi saçınızdan sürükləyəcəm.” Ümumilikdə məktəblərdə uşaqlara olan münasibət Elinanın intiharından sonra danışılmağa başlayıb. Amma dəyişən bir şey yoxdur.

Dayım qızı bacımla eyni məktəbdə oxuyur. O, başına gələn bir hadisəni bizə danışdı. Hansısa bir tədbirdə aparıcı imiş və məşqlər zamanı ara verilərkən oğlan iştirakçılardan biri ilə söhbət edirmiş. Kimya müəllimələri bunu görüb və dayım qızını yanına çağırıb danlayıb ki, “sən bir qarış ətəyinlə oğlanla nə danışıb gülürdün?” Hətta anası sonradan buna görə məktəbə də getməli olub.

Bütün məktəb heyətinin qızlara qarşı belə qərəzli davranışları oğlanlara da qızlarla belə rəftar edilməyin normal oduğunu aşılayır. Xalam qızı məktəbdə bəzi oğlanların ona və digər qızlara daha gücsüz və idmanda uğursuz olduqları ilə bağlı sataşmağından şikayət edir. Bacım siniflərində bir-iki oğlanın “qız almaq” barədə danışdığına görə onlarla dalaşmalı olub. Dayım qızı hər gün kiminsə “qız kimi anqırmaq” və s tipli sözlər işlətməyinin onu necə əsəbləşdirdiyi haqda danışır. Deyir ki, futbola baxdığı və futbol oynamağı sevdiyinə görə ona lağ edirlər.

Hamısında ən bənzər nöqtə məktəbdə onlara “sən qızsan, sakit dur”, “qızlar belə hərəkət eləməz”, “qız uşağı özünü belə aparmaz”, “siz oğlansız ki, dəcəllik edirsiz?” kimi cümlələrin deyilməyi olub. Qızların əlindən səs haqqını bu qədər tez alırlar. Onları bu qədər tez susmağa və dözməyə alışdırırlar. Etdikləri bütün hərəkətlər barədə dəfələrlə düşünməyə vadar edirlər, rahatlıqlarını əllərindən alırlar. Bədənlərinin ayıb olduğunu onlara beləcə günbəgün, altdan-altdan qısa cümlələrlə yeridirlər. Hər gün yavaş-yavaş qızların uşaqlığını elə onları göndərdiyimiz məktəbdə onlardan oğurlayırlar.

Diqqəti çəkmək istədiyim nöqtələrdən biri bunu qadın müəllimlərin də böyük bir səylə təbliğ etməyidir. Onlara örnək olmaq, haqlarını tələb etməyi öyrətmək, kömək olmaq yerinə bir zərbə də onlar vurur.

Həmişə feminizmdən söhbət düşəndə yanımdakılara danışdığım bir hekayə var. Hansı ki, mən də o vaxt 5, ya da 6-cı sinifdə oxuyardım. Azərbaycan dili müəlliməm demişdi ki, “qızı elə böyütmək lazımdır ki, bir şillədən sonra ər evindən ata evinə qayıtmasın.” 30-a yaxın uşağın olduğu bir sinifdə düz qabaqda oturmuşdum, müəlliməni diqqətlə dinləyirdim. Bunu deyərkən üz ifadəsini  hələ də xatırlayıram. Onu da xatırlayıram ki, yerin yarılmağını arzulamışdım ki, içinə girə bilim. Yox olmaq istəmişdim sinifdən. Bir də bunu eşitmiş oğlanlarla göz-gözə necə baxacam deyə düşünürdüm. Çünki onlara həmin an deyilmişdi ki, onların məni vurmaq haqqı var və mən hər an buna hazır bir şəkildə yaşamalı, belə öyrədilməliyəm. Çox kiçik və gücsüz hiss elədiyimi xatırlayıram. Bəlkə də o andan başlayıb ki, mən oğlanların yanında özüm kimi davrana bilmirəm, həmişə olduğumdan güclü və sərt görünmək kimi bir cəhd içərisindəyəm.

Artıq 11-ci sinifdə olanda qadın direktorumuzun dərsdən qaçan uşaqlar arasında yeganə “qız” mən idim deyə, hamının içində məni ayağa qaldırıb, oğlanlarla bir yerdə qaçdığım üçün necə “abırsız” olduğumla bağlı məni danlayanda təəccüblənmirdim. 6, yoxsa 7-ci sinifdən bəri bizi şalvar geyinməyə qoymurdu, çünki bəzi qızların bədəni inkişaf etmişdi və kişi müəllimlərdən ayıb olardı. Nə demək olduğunu başa düşmürdüm. Zamanla  onu da anladım. Ona görə də 11-ci sinifdə bütün sinif pəncərədən qaçarkən, dərsdən qaçmağım üçün deyil, ətəklə pəncərədən tullandığım üçün hamı məndən danışanda bu da məni təəccübləndirməmişdi.

Səhv etmirəmsə, 8-ci sinifdə idim, idman müəllimim  digər qızların yanında mənə idmanda belə dar şalvar geyinməməyimi demişdi. Donub qalmışdım. Bunun dərsə nə aidiyyatı olduğunu anlamırdım. Utanırdım, sonrakı gün dərsə gəlməyə utanırdım. Onun sözü ilə başqa şalvar geyinməyi özümə sığışdıra bilmirdim, amma bu utancı bir də yaşamaq da istəmirdim. O gündən başlayaraq, indiyə kimi o müəllimə nifrət edirəm.

Ziyansız, xırda sözlər. Mənasız, tez unudulan ifadələr, “qız kimi” ilə başlayan cümlələr. Kimə nə ziyanı var ki? Uşaq üçün məktəbdən daha güvənli bir yermi var? Qızları gələcəklərini qurmaq üçün hara göndərmək lazımdı? Əlbəttə ki, məktəbə!

Bu sözləri hamımız əzbər kimi yadımızda saxlamışıq. Böyük bir ehtimalla da hələ uzun illər yadımızda saxlayacayıq.

Tanıdığım bu qızlar da bu sözləri o qədər çox və tez-tez eşidirlər ki, qorxuram, bir gün bu ton və bu yanaşma onların daxili səsinə çevrilsin. İstədikləri nəyisə etmək istəyəndə məktəb vaxtından eşitdikləri bu sözlər qulaqlarında cingildəsin. Birdən “qızlar bacarmaz” deyə arzuladıqları o işə baş vurmazlar, o universitetə sənədlərini göndərməzlər. Ya da nə qədər istəsələr də çox sevdikləri o paltarı alıb geyinməzlər bəlkə. Qorxuram ki, bu xatirələr onları atdıqları hər addımda izləsin.

Qızlarınızla danışın. Onlara sual verin, onlara qulaq asın. Bütün uşaqlara. Hamısına. Onlar haqsızlıq edən müəllimlərin bunları rahat-rahat etməyinə, qızlarınızın gələcəyini yavaş-yavaş əritməyinə icazə verməyin. Onları müdafiə edin. Tərəflərində durun. O müəllimlər bəlkə də fikrini dəyişməyəcək, amma qızınız eşidəcək ki, onu müdafiə edirlər. Görəcək ki, susmaq lazım deyil. O müəllimlər də görəcək ki, belə rəftar edərək, məktəbdə işlərinə davam edə bilməyəcəklər.

Qızlarınıza, bacılarınıza, qohumlarınıza, eləcə də yaşca böyük olanlara deyin ki, bədənləri gözəldir, ayıb deyil, heç kəsdən daha az ağıllı, daha gücsüz deyillər. Onlara qadın ixtiraçılar barədə, qadın idmançılar barədə bizə, onlara qadın yazıçıların kitablarını, model qadınları göstərin, rəqqasələri də göstərin! Görsünlər ki, istədikləri hər şey ola bilərlər. Gözləməyin ki, nə vaxtsa başlarına daha ciddi bir hadisə gəlsin və sonra onları sağaltmağa başlayasız. Əvvəlcədən, elə uşaqlıqdan  onları çirkin beyinlərdən qoruyun. Və oğlanlara da həmin qadınları göstərin, bilsinlər ki, bütün qəhrəmanlar kişilər deyil. Uşaqları böyüklərin, məktəbin yalanlarından qoruyun. Çünki o vaxtdan aldığımız yaralar sonradan heç cürə bağlanmır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma