Şiddət göstərən kişilərin iki tipi

Müəllif: Humay Axundzadə

    Çoxları elə düşünür ki, ailədə şiddət göstərən kişilər mütləq mənada psixi pozuntulu və ya ruhi xəstələrdir. Mediada dəhşətli qətl hadisələrindən xəbər tutanda elə bilirik ki, bu, yalnız sosial-iqtisadi çətinliklər yaşayan, təhsil səviyyəsi aşağı olan ailələrdə baş verə bilər. Əslində isə ailədə şiddət cəmiyyətimizin bütün sosial-mədəni təbəqələrini əhatə edir. Sadəcə, bəzi mühitlərdə bu, daha açıq-aşkar və daha çılpaq şəkildə olur. Digərləri hadisələri ört-basdır edəcək qədər resurslara malikdirlər və ya daha çətin sübut olunan şiddət yollarına əl atırlar, məsələn psixoloji şiddət kimi.

Amma bu yazıda fiziki şiddətə əl atan kişilərdən, daha doğrusu, onların tipologiyasından bəhs ediləcək. Ailədə şiddət göstərən kişilər hamısı eyni şəxsiyyət tipinəmi aiddir? Yəni, şiddətin motivi, səbəbi, üsulu bütün zorakı şəxslərdə eynidirmi? Bir də qadın nə etməlidir ki, qəddar ərini yola gətirə bilsin?

İllər öncə ABŞ-da Neil Yakobson və Con Qotman belə bir tədqiqat aparmışlar: nikahda gərginlik yaşayan cütlüklər elan vasitəsilə tədqiqata dəvət olunurlar. Sietldə yaşayan 200-dən artıq cütlükdən cavab gəlir. Onlar arasında kəskin fiziki şiddətin baş verdiyi 63 cütlük seçilir. Cəlb olunmuş qadın və kişilər aralarındakı münasibətləri, o cümlədən fiziki şiddət epizodlarını təsvir edən ətraflı sorğuları cavablandırır, bir sıra şəxsiyyət testlərindən də keçirlər. Laboratoriyada isə şərait yaradılır ki, onlar şiddətə yol vermədən evdə münaqişəyə gətirən mövzular haqqında  mübahisə aparsınlar. Mübahisə iştirakçılara mane olmayacaq qədər ustalıqla quraşdırılmış kameralara çəkilir, eyni zamanda emosional oyanıqlığın fizioloji tərəfləri, yəni, nəbz, qan təzyiqi, dərinin elektrik keçiriciliyi ölçülür. Bu eksperimentlərdən iki və beş il sonra tədqiqatçılar cütlüklərin taleyinin necə olması ilə maraqlanır, onlarla yenə də əlaqə yaradırlar.

Nəticədə bütün bu şəxsiyyət sorğuları, davranışın və fizioloji reaksiyaların ölçülməsi tədqiqatçılara şiddət göstərən kişilərin iki tamamilə fərqli tipini ayırmağa imkan verdi. Bu iki zorakı şəxs tipinin motivasiyası, davranışı və fiziologiyası olduqca fərqlənir. Onların böyük bir qrupu qadınlara yuxarıdan aşağı baxsalar da, həyat yoldaşlarından emosional olaraq çox asılıdırlar, tərk olunmaqdan hədsiz qorxurlar. Belələri zorakılıqdan öz hökmranlığını təmin etmək vasitəsi kimi istifadə edirlər. Bir növ, öz qadınlarını dişləri ilə tutub saxlamağa çalışırlar. Ona görə tədqiqatçılar onları “pitbul” (başqa sözlə, “pitbulteryer” it cinsi) adlandırmışlar. Laborator şəraitdə həyata keçirilən ölçmələr göstərdi ki, “pitbul”ların zorakılığı tədricən artan, kulminasiyasında emosional partlayışa və fiziki şiddətə keçən emosional oyanma kimi baş verir. Mübahisə zamanı onların fizioloji oyanması hirsləndikcə arta-arta gedir. “Pitbul”ların yalnız üçdə bir hissəsi antisosial şəxsiyyət pozuntusu diaqnozuna malikdir, bu da psixi xəstəlik olmayıb, xarakterin pozuntusudur. Yəni, bu xəstəlik deyil ki, məsələn, müalicə olunsun və ötüb keçsin. Qalan hissəsi isə faktiki olaraq digər münasibətlərində tamamilə “normal” insanlar ola bilərlər.

Şiddət göstərənlərin 20%-i isə tam fərqli cəhətlərə malikdirlər. Mübahisə zamanı tədricən əsəbiləşdikcə, onların fizioloji göstəriciləri əksinə olaraq, emosional oyanmanın zəifləməsini sübut edir, yəni onların qəzəbi “soyuq qəzəbdir”. Zahirən qəzəb nümayiş olunsa da, daxilən bu insanlar öz hisslərinə çox ustalıqla nəzarət edirlər. Belə emosional soyuqqanlıq qəfil aqressiya zamanı da dəyişmir, ona görə, tədqiqatçılar bu qrupu “kobra” adlandırmışlar. Bu şəxslərin demək olar ki, hamısı antisosial şəxsiyyət pozuntusuna malik idilər, həmçinin evdən kənarda da zorakılıqla bağlı problemlər yaşamışdılar. Onlar eyni zamanda həyat yoldaşlarını ölümlə hədələməyə meyllidirlər. Onlar alkoqol və narkotik aludəçiliyinə meylli və zorakılıq mühitində böyümüş insanlardır. “Pitbul”lardan fərqli olaraq, “kobra”lar  nə həyat yoldaşları, nə də başqa kimsədən emosional asılı deyillər və münasibətlərdə dərin bağlılıq hissi yaşamırlar. Lakin “pitbul”lar kimi, “kobra”ların da şiddətinin məqsədi qarşıdakı şəxsi tamamilə özünə tabe etməkdir. Kobralar emosional sabitliklərini qoruyub saxlamaqda və başqalarından öz mənfəətləri üçün istifadə etməkdə mahirdirlər.

İki və beş ildən sonra təkrarlanan tədqiqatlar göstərdi ki, nə “pitbul”lar, nə də “kobra”lar göstərdikləri şiddəti dayandırmamışdılar. Yalnız bəzi hallarda fiziki şiddət ağır emosional şiddətlə və fiziki şiddət hədəsi ilə əvəzlənmişdi. Başqa sözlə, döymək halları dayansa da, təhqir, alçaltma, döyəcəkləri ilə hədə-qorxu davam etmişdir.

Tərk olunduğu halda  bu zorakı kişi tiplərinin reaksiyaları fərqli idi. Pitbullar  münasibətdə olduqları qadınlardan psixoloji asılı olduqlarına görə, keçmiş həyat yoldaşlarını təqib edir, tərk olunmağı xəyanət, vəfasızlıq kimi qavrayırlar. Kobralar münasibətlərdə ən ağır zorakılığa əl atsalar da, tərk olunduqda çox vaxt tezliklə “özlərinə gəlir” və sadəcə növbəti qurban axtarışına çıxırlar. O qurban ki, hələ onların iç üzündən xəbərsiz olduğundan, bir müddət “kobraların” tələbatlarını ödəyəcək, onlara yaxşı partnyor və ya həyat yoldaşı olmağa can atacaq.

Bu tədqiqat həm də ailədə şiddət haqqında böyük bir mifin dağılmasına gətirib çıxardı. Bu mif – şiddətin zaman keçdikcə azalacağına olan inamdır – “özümü onun dediyi kimi aparsam…”, “çalışıb özümü bəyəndirsəm…”, “xörəyi daha dadlı bişirsəm…”, “daha çox hörmət göstərsəm…”, “xarakterinə öyrəşsəm – keçib gedəcək”  kimi inamlardır. Əslində isə bu, sadəcə insanın özü özünü aldatmasıdır. Bir dəfə başladısa, şiddət öz-özünə yox olub getməyəcək, gec-tez yenə də təkrarlanacaq. Bu, həm də onu göstərir ki, şiddətin əsasında partiarxatın doğurduğu inam və tələblər – yəni sosial və mədəni amillər durduğu kimi, onun əsasında həm də daxili-psixoloji səbəblər də vardır. Lakin bu səbəbləri ilk növbədə məhz zorakılıq edən şəxsin özündə axtarmaq lazımdır. Bəzən şiddətə bəraət qazandıranlar “elə qadınlar var ki, kimi deyirsən özündən çıxarar” deyib günahı məhz zərərçəkənin üstünə atırlar. Onda soruşmaq lazımdır ki, bəs sən kiməsə əl qaldırmağa, özündən fiziki cəhətdən zəif olana fiziki əzab verməyə hazırsanmı? Bu sual  şiddət göstərmənin avtomatik olmadığını, hər addımında zorakı şəxsin qərar verməyə qadir olduğunu göstərir. Şiddətin subyekti kimdirsə, məsuliyyət də məhz onun üzərindədir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma