Sizə çatan halqada şiddət zəncirini qırın

Müəllif: Günel Mövlud

3 il əvvəl Praqada bir tədbirdə Rusiyadan bir jurnalist qızla tanış oldum. Bir-birinizi sosial şəbəkələrdə izləməyə başladıq. Paylaşımlarını izləyirəm, iki il boyu Amazon çayının bütün sahilini dolanıb, yerli xalqlardan maraqlı reportajlar edirdi, bu onun həm işi, həm də həyat tərzidir.

Günlərin birində ilk baxışdan rahat, özünə əmin, ayaqları üstündə duran bu qızdan qəribə bir paylaşım oxudum. O keçmiş sevgilisi, daha doğrusu, bir neçə il əvvəl vətəndaş nikahında yaşadığı kişi barədə yazmışdı. Paylaşım ruscadır, hər ehtimala qarşı linkini yazıda qoyacam, amma ya dil bilməyənlərə, ya da uzun yazını oxumağa vaxtı və həvəsi olmayanlara qısaca özüm nəql etməyə çalışım.

… Jurnalistika fakültəsinin ilk kursunda kasıb, təcrübəsiz Yelena ortaq dostlarının sayəsində Valera adlı bir kişi ilə tanış olur. Kişi ona maraqlı gəlir, Valera onu özünün yaşadığı Çerepovets şəhərinə, onunla birlikdə yaşamağa dəvət edir. Yelenanın sevgidən gözü heç nəyi görmür və universitetin qiyabi bölməsinə keçib, Çerepovets şəhərinə, Valera ilə birlikdə yaşamağa gedir.

İlk günlərdən Valera onu bir tanışının yanında, disk dükanında satıcı kimi işə düzəldir. Yelenaya deyir ki, özü Krişnaçıdır, Yelena da onu dəstəkləməli, bu həyat tərzini qəbul etməlidir. Bu həyat tərzinə görə isə, Yelena sözəbxan arvad olmalı, evdə səliqə səhman gözləməli, ərinə sonsuz hörmət bəsləməli (amma Valera onunla rəsmən evlənməyə tələsmir), onun dedikləri ilə oturub-durmalıdır.

Yemək dadsız olanda, döşəmədə bir az çirk olanda, evdə pul azalanda, Yelena gözünə sürmə çəkəndə – hər şeyə görə Valera onu danlamağa başlayır. Yelena yazır ki, o işə getməzdən əvvəl, səhər artıq günorta və axşam yeməyini bişirib, sonra da mütləq döşəməni silib işə getməli imiş. Belə olmayanda, Valera onu saatlarla danlayırmış. Gözünə sürmə çəkməyi, şəhərdə özünə dost tapmağı, istədiyi kimi geyinməyi qadağan edibmiş.

Bir az sonra Valera onu vurmağa cəhd edir. Cəmi bir dəfə vurur, Yelena deyir ki, bir də vursa, o da şillə-təpiklə cavab verəcək.

Yelena işdən qovulur. Bir müddət sonra məlum olur ki, evdə yeməyə heç nə yoxdur. Bu zaman Yelena fərqinə varır ki, ərzağı həmişə o, öz maaşı ilə alırmış. Valeradan ərzağa pul istəyəndə, kişi ona düyü, noxud, qarabaşaq kimi paketlərdə yığılıb qalmış ərzağı göstərir ki, bunlardan hələ bir ay yemək bişirmək olar. Yemək dadsız alınanda isə, Yelena yenə danlanır.

İşin daha bir pis tərəfi Valeranın onu məruz qoyduğu psixoloji təyiqmiş. Yelenanı ittiham edirmiş ki, sən yaxşı arvad deyilsən deyə, Tanrı bizə ruzi vermir, kasıb yaşayırıq. Bir də gecələr yatmazdan əvvəl 3 yüz dəfə təsbehdə muncuq çevirib, “Hari Krişna” deməyə məcbur edirmiş. Yelena yazır ki, bütün işkəncələrdən ən pisi saatlarla danlanmaq, ittiham eşitmək imiş.

Bəs, Yelena niyə çıxıb getmirmiş? Səbəbi sadədir. Kasıblıq. Geri qayıtmaq da xərc istəyir. O pul isə Yelenada yoxmuş. Axı insan bir yerdə qalmayanda orda dostlarını, çevrəsini, əlaqələrini itirir. Yelena da Moskvada bütün əlaqələrini itiribmiş, olanlarla isə artıq soyuyubmuş arası. Belə halda nə iş tapa bilirsən, nə müvəqqəti yanında qala biləcəyin adam olur.

Bir gün, qiyabi kursun imtahanlarını verməyə gedəndə, onun həm müəllimi, həm arada yazı yazdığı qəzetin redaktoru olan bir jurnalist qadın Yelenaya deyir: məncə sən özünə başqa kişi tap.  

Onun köməyi ilə Yelena Moskvada iş tapır və birdəfəlik Valeradan ayrılır. Bir müddət sonra Valeranın adını mətbuatda oxuyur. Onun keçmiş sevgilisini birinci həyat yoldaşından olan oğluna işkəncə verməkdə ittiham edirdilər. Yelena məhkəməyə getmir, Valeranın ona etdikləri barədə susur və bu məsləyə qarışmır. Valera dəlil yetərsizliyi səbəbilə azadlığa buraxılır.

Bu yaxınlarda, Yelena bu paylaşımı etməzdən əvvəl Valeranın adı bir daha mətbuatda hallanır. Bu dəfə qatil kimi. Valera Yelenadan sonra evləndiyi Mariya adlı qadını qətlə yetirir…

Yelena bu paylaşımı edəndə çox peşman idi. Çünki əgər bir neçə il əvvəl məhkəməyə getsə, özünə verilən işkəncə barədə məhkəmədə danışsa idi, Valera həbsə girəcək, insanlara işkəncə verdiyi qanunla təsdiqlənəcək, ondan sonra özünə asanlıqla sevgili tapmağı çətinləşəcəkdi. Tapsa da, bəlkə Mariya kimi qadınlar daha tədbirli, ehtiyatlı davranacaqdı.

Şiddət şəxsi məsələ deyil. Siz özünüzə yönələn şiddətdən qaçanda, bunu unutmağa çalışmaq yerinə, şiddət göstərənin cəzasını almasına, ictimai adamdırsa, məsələnin ictimailəşməsinə çalışmaqla, sizdən sonrakı qurbanların sayını azaldacaq, bəlkə də sıfıra endirəcəksiniz. Sizin hər susduğunuz şiddət, təkcə sizin deyil, başqalarının da həyatını təhlükəyə atacaq, çünki cəzasız qalan abuzer kimi təhlükəlisi yoxdur. Tanıdığım bir qadın vardı, atasına nifrət edirdi. Əvvəl anası, sonra özü, sonra da qardaşı uşaqlarını döymüşdü atası. Ana vaxtında qərar verib, atanın cəzasını tələb etməmişdi deyə, düz üç nəsil şiddət görmüşdü.

Şiddət cəzası verilməyəndə, lənətli bir zəncirdir. Siz o zəncirin harasında olursunuz, olun, çalışın .

Özünüzdən sonrakılardan bu yaxşılığı əsirgəməyin.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma