Transgender qadının uğur hekayəsi: “Mən seks köləsi olmaqdan imtina etdim”

almaniya.jpg

Adım Amelidir. Oğlan bədənində doğulmuşam, amma uşaq vaxtı qızlara daha çox empati bəsləyirdim. Onların paltarlarından xoşum gəlirdi. O vaxt transgenderin nə olduğunu bilmirdim, özümdə bir problem olduğunu düşünürdüm. Amma böyüdükcə internetdən bu barədə oxudum, öz kimliyimi anladım.

Ailəm bunu hələ mən yeniyetmə ikən başa düşmüşdü. Atam olmayıb, məni anam, babam və nənəm böyüdüb. Bir dəfə 8-də oxuyanda anam otağıma girib məni makiyaj edərkən yaxaladı. Həmin gün bərk döyüldüm. Özümü oğlan kimi aparım deyə məni idmana yazdırıb, sonra da psixiatra apardılar ki mənə kömək etsin.

Uşaq vaxtından çox yaxşı oxuyurdum. Böyüdükcə təhsillə, karyera ilə bağlı arzum formalaşdı. Mən ölkənin ilk transgender qadın cərrahı olmaq istəyirdim. İstəyirdim  göstərim ki, siz, cəmiyyət olaraq transgenderləri gözəllik salonlarına, seks satıcılığına sıxışdırsanız da transgender qadın hər işə yarayır və layiqdir. Bu arzum mənə tibb universitetinə qəbul olmağa güc verdi və qəbul oldum. Təəssüf ki, sevincim yarımçıq idi. Ailəm məni hərbçi ya da polis görmək istəyirdi. Deyirdilər ki, kişi hərbçi olar, polis olar.

Tibb universitetində oxuyarkən başqa problemlərim başladı. Mən makiyaj etmək, saçımı gözəl yığmaq, rəngli və gözəl paltarlar geyinmək istəyirdim. Amma saçım bir az uzanan kimi və ya qaşlarıma bir balaca əl gəzdirəndə, kurs yoldaşlarım mənə “petux”, “qızbibi” deyib ələ salırdılar. Amma ikinci kursda daha canım boğazıma yığıldı. Universitetdə transgender olduğumu, bədənimin oğlan bədəni olsa da, özümü qadın kimi hiss etdiyimi, əlimə imkan düşən kimi, cinsi korreksiya etdirib, bədəncə də qadın olacağımı açıq dedim. Amma nə biləydim ki cəsarətli olmaq istədiyim halda axmaqlıq etmişəm.

O gündən universitetdə də, evdə də həyat mənə haram oldu. Anam bir kişi qohumumuzu çağırıb məni ona o ki var döydürtdü. Universitetdə məni təhqir edir, zorlamaqla hədələyir, öldürəcəklərini deyirdilər. Bir gun universitet rəhbərliyinə şikayət elədim. Amma transgender söhbətini biləndən sonra rəhbərlik məni döyənlərin, zorlamaq və öldürmək istəyənlərin tərəfini tutdu və mənə məsləhət gördülər ki gedim müalicə alım.

Anam görəndə ki mən onların istədiyi adam olmayacam, məni evdən qovdu. Dedi ki, daha mən adda övladı yoxdur. Bir az dostlarım gildə qalırdım, bir az küçələrdə. Bəzən gecələr də küçələrdə gecələməli olurdum. Çox adam mənə məsləhət görürdü ki, seks işçiliyinə başlayım. Çünki başqa yerdə iş vermirdilər. Amma razı olmurdum. Ona görə yox ki seks işçiliyinə pis baxıram, yox. Sadəcə mən insanın bu işə məcbur edilməsinə, zorlanmasına qarşıyam. Həm də yeniyetməliyimdən özümə söz vermişdim ki  cəmiyyətdəki “transgenderlər ancaq seks işçiləridir” stereotipinə qarşı çıxacam.

Universitetə daha getmirdim. Buna nə görkəmim imkan verirdi nə də maddi vəziyyətim. Mənim bircə əlacım qalmışdı – öldəkən qaçmaq. Çünki anamın məni tapıb psixiatrik xəstəxanaya yatırtmaq istədiyindən xəbər tutmuşdum. Bilirdim ki, elə anamın razılığı ilə mənə ordan güclü dərmanlar verib xəstə edəcəklər.

Sənədlərimi hazırlayıb Almaniya səfirliyinə verdim. İki aydan sonra cavab gəldi. O iki ayı mən küçələrdə, skamyalarda yata-yata keçirdim. İki aydan sonra vizam hazır oldu və mən Almaniyaya gəldim.

İndi hormon terapiyası alıram. Cinsi korreksiyaya hazırlaşıram. Təhsilimi davam etdirmək və ölkəmin ilk transgender qadın cərrahı olmaq, ölkədə transgenderlərə qarşı münasibətin dəyişməsinə çalışmaq istəyirəm. İstəmirəm ki bir şəxs özünün istəmədiyi halda, zorla, başqa çıxış yolu olmadığı üçün seks işçiliyinə məcbur edilsin.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma