Övlada görə dözmək

Müəllif: Günel Mövlud     

   Mən o günü çox dərin bir kədərlə xatırlayıram. Çünki o gün hər şey başqa cür olsaydı, yəqin ki, həyatımdan çox şey daha yaxşı olacaqdı. Amma o gün heç nəyi dəyişmədi. Sadəcə yaddaşımda dərin, hüznlü, uşaq olduğuma baxmayaraq, yaxşı hiss edə bildiyim məğlubluq dolu bir iz buraxdı.

Ağlım kəsəndən atamı sevməmişəm. Sevməyə cəhd etmişəm amma. Onun yaxşı xüsusiyyətlərinə daha çox diqqət yetirmək, pis şeyləri unutmaq, aramızda bir bağın olmasını çox istəmişəm. Ta 35 yaşıma qədər. Amma o mənə heç vaxt bu şansı vermədi.

O gün anam bizi götürüb, atası evinə qayıdırdı. Səhər atamla dalaşmışdı. Ona demişdi ki, bizi də götürüb birdəfəlik gedəcək. Atam işə gedəndən sonra anam bizi geyindirdi. Çox sevinirdim. Qardaşlarım da sevinirdi. Evimiz, atamız üçün darıxmaqdan heç qorxmurduq, burda bir-iki köhnə paltarımızdan başqa heç nəyimiz də daha yox idi ki. Heç oyuncaqlarımız da… Qarşıda isə bizi yeni həyat gözləyirdi. Necə olacaqdı o həyat? Nələrə hazırlayırdıq özümüzü? Atamız olmadan necə bir həyat yaşayacağımızı düşünürdük? Bilmirəm. Deyəsən, heç düşünmürdük də. Bizi sevindirməyə elə bu bəs edirdi – biz daha bu evə qayıtmayacaqdıq.

Sevinə-sevinə geyinib anamızın evdən çıxmağını gözlədik. Gözlədiyimizin əksinə, anam bağlama ya çanta-filan yığmamışdı. Sakitcə, tələsmədən geyinib, saçlarını daradı. Sonra evi səliqəyə saldı. Həyətə çıxıb, qazların, toyuqların qablarına təmiz su tökdü, sonra mal-qara ot qoydu, bostanın qapısını bərk-bərk bağladı. Anamın həyət-bacaya göstərdiyi bu qayğıdan içimə qurd düşdü. Axı, biz bura bir daha qayıtmayacaqdıqsa, anam niyə bunları edirdi? Axı bu həyət, bu heyvanlar, bütün bunların daha bizə dəxli olmayacaqdı.

Uşaq ağlımla özümü sakitləşdirdim ki, anam ürəyiyumşaqdır, yay günündə heyvanları ac-susuz buraxmaq istəmir. Yazığı gəlir. Yoxsa, əlbəttə ki, bura bir daha qayıtmayacağıq.

Həmin gün torpaq yolla babamgilə getdik. Elə qapıdaca bərkdən qışqırdıq ki, nənə, biz birdəfəlik gəlmişik, anam atamdan boşanacaq, biz daha evimizə getməyəcəyik, burda qalacağıq. Anam da, nənəm də bizi susdurdu, qonşuların eşidəcəyini deyib, astadan bizə təpindilər. Bu təpinmə, məni şübhələndirən ikinci şey oldu. Axı, gizlətməyin nə mənası vardı? Qonşular əvvəl-axır bilməyəcəkdilərmi? Qoy indidən bilsinlər də…

O gün axşama qədər oynadıq nənəmin həyətində. Çox xoşbəxt idik, bizi başqa bir həyatın gözlədiyini düşünürdük. Axşam yeməyini yedik və… sonra anam bizi yanına salıb, evimizə qayıtdı… O gündən sonra çox məyusluqlar oldu həyatımda. Amma indiyə kimi də, ən ağrılısı o qayıtma oldu. Uşaq qəlbimlə heç həzm etmədim o geri qayıtmağımızı. Niyə qayıdırdıq ki? Nə atam dəyişmişdi, nə onun anama, bizə münasibəti, nə ailəmizdəki problemlər bitəcəkdi…

Ömrüm boyu anamın atamdan boşanmasını arzulamışam. Balaca vaxtı da, böyüyəndə də, hətta atamın son illərində də.

İndi, kimsə deyəndə ki, uşaq atasız qalmasın deyə, uşağıma görə dözürəm ər danlağına, şiddətinə, istismarına, acı bir gülümsəmə keçir üzümdən. O günü xatırlayıram. Anamın atamdan boşanacağına ümidlənib, xoşbəxt olduğum o günü. Ölkədə minlərlə uşaq evdə, ailədə gördüyü şiddətdən, valideynlərin arasındakı kobud, sevgisiz, şiddət dolu münasibətdən daha çox əziyyət çəkir, nəinki tək valideyn ilə yaşamaqdan. Uşağa görə şiddətə dözən ana, əslində uşağına daha böyük pislik edir, onun ağlında, yaddaşında daha qorxulu, silinməsi, unudulması mümkünsüz daha dərin izlər buraxmağa imkan verir.

Şiddət göstərən ata, valideyn deyil – təhlükədir. Fiziki, psixoloji, bəzən iqtisadi təhlükə.

Uşağa görə şiddətə dözmək isə, əslində uşağı bir təhlükənin yanında böyütməkdir. Bəyəm mətbuatdan gecənin ya gündüzün birində qadınla dalaşıb, qadını, sonra övladlarını öldürən atalar barədə oxumuruq? Axı vəziyyət birdən birə bu yerə gəlmir. O qətlə qədər evdə saysız döymələr, qısnamalar, işgəncələr olur və qurban buna dözür. Uşaq atasız böyüməsin deyə dözür və bir gün o ata qatilə çevrilir.

Ən yaxşı halda isə, ürəyi, beyni, psixologiyası yaralanmış, yaşadıqlarını heç zaman unutma şansı olmayan bir insan böyüyür.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma