Aygünün uğur hekayəsi

  Adım Aygündür. Mənim həyatım çox qəribə olub. Tam bir filmlik, seriallıq. 18 yaşım olanda nişanlandım sevdiyim oğlanla. 7 aydan sonra nişanı qaytardı oğlan ailəsi. Razı deyildilər bizim evliliyimizə. Kənd yeri idi. Söhbət yayıldı. Bütün kənddə qeybətimi etməyə başladılar ki, görəsən qızın nə eyibi varmış ki, oğlan tərəf nişanı qaytarıb. 

Bu söhbət ailəmizə çox ciddi təsir elədi. Hamı məhv olmuşdu. Gündə döyülürdüm evdə. Heç cür izah edə bilmirdim ki, mənim heç bir günahım yoxdu. Ailəmiz bu “ləkəni yumaq” üçün yollar axtatırdı. O yol da tapıldı. Rusiyada hərbçi işləyən bir xalam oğlu vardı. O vaxt hələ sovetlər dağılmamışdı. Xalam oğlu mənimlə evlənməyə razı oldu. Amma bilirdim ki, məni istəmir. Ailənin adına gələn sözü bitirmək istəyir. Ona görə evlənirdi mənimlə. 

Evlənib, Rusiyaya getdik. Bir-birinin ardınca iki oğlum doğuldu. Ərimi sevmirdim, onunla bir-birimizə yad adamlar idik, amma bəlkə də mənimlə mehriban davransaydı, yaxınlaşsaydı, sevə bilərdim. Yaraşıqlı oğlan idi, təmkinli, xırdaçılıq sevməyən. Amma mənəvi olaraq heç vaxt mənə imkan vermədi onu sevməyə, yaxınlaşmağa.

İkinci oğlumdan sonra hiss elədim ki, onun həyatında başqa qadın var. Soruşdum, yalan demədi. Dedi ki, var biri, hətta ondan uşaq da gözləyir. Dünyam məhv oldu. Qısqanma deyildi, özümü təhqir edilmiş sayırdım. Dedi ki, məni sevməyib, o qadını sevib həmişə, amma məni, ailəmi ləkədən qurtarmaq üçün başqa yol görməyib.

Ona dedim ki, boşanıb, həmin qadınla evlənə bilər. Amma bir şərtim var. Boşanmağımızı Azərbaycanda heç kim bilməməlidir. Hər yay məni və uşaqları ora aparmalıdır, bir az qalmalıdır bizimlə. Sonra işi bəhanə edib, qayıda bilər. Uşaqlar da böyüyənə qədər bilməyəcəkdi ayrılmağımızı. Hər gün olmasa da, iki gündən bir gəlib baş çəkməliydi. Uşaqlara hərbi işlə bağlı çox vaxtını orda keçiməli olduğunu deyəcəkdik. 

Bütün bunları uşaqlar pis olmasın, bir də qohumlarım boşanmağımı bilməsin deyə edirdim. Həm boşanmış qadın adı ağır gəlirdi, həm də qorxurdum ki, qardaşlarım gəlib məni zorla Azərbaycana aparar. Zorla sonra ərə verə bilərdilər, ən yaxşı halda onların evində qulluqçu olacaqdım, uşaqlarım ögey münasibət görəcəkdi. 

Yoldaşım razı oldu. Boşandıq. Hərbçi olduğuna görə dövlət bizə ev vermişdi. Evi mənə və uşaqlara qoyub, çıxdı.

Bir müddət sonra baxdım ki, yoldaşımın verdiyi pul çatmır. Hərbçi maaşı ilə artıq iki ailə saxlayırdı, ona nə deyə bilərdim ki? 

Azərbaycanda olanda sapla qaş, üz tükü təmizləmək öyrənmişdim. Ruslar bunu o qədər də bacarmır. Bəzən qonşu qadınlar çay içməyə gələndə deyirdim gəl, qaşını, üzünü təmizləyim. Sonra bunu pulla eləməyə başladım. Saç kəsmək kursuna gedib, bərbərlik də öyrəndim. Bütün məhəllə yanıma gəlirdi, evin bir otağını gözəllik salonu etmişdim, icarə vermirdim, bütün gəlir özümə qalırdı. 

Bir vaxt baxdım ki, müştərilərim çoxdur, evə nə qədər adam gəlir. Ağlıma gəldi ki, bu adamlar onsuz da evimə gəlir, onlara nəsə sata da bilərəm. Yaşadığım şəhər Çinə yaxın idi, avtobusla Çinə gedir, ordan paltar, kosmetika, xırda ev əşyaları gətirib, evimə gələnlərə təklif edirdim, yaxşı da qazancım olurdu. 

Günlərin bir günü imkanlı bir qadın gəlmişdi. O vaxt bahalı salonlar, brend paltarlar hələ geniş yayılmamışdı. Ona görə imkanlı adamlar da mənim yanıma gəlirdi, işimi bəyənirdilər. Qadının əlində moda jurnalı vardı. Üz qabığında aktrisanın əynində bir gözəl paltar vardı. Qadın dedi ki, bu brenddən ötrü “ölür”, amma çox bahadır, yüzlərlə dollardır. Ona dedim ki, gəl bunun eynisini mən sənə ipdən toxuyum. 100 dollar verərsən. O vaxt 100 dollar fantastik məbləğ idi.

Qadın razı oldu. Bir həftəyə gecələr yatmayıb, o paltarı toxuyub, qadına verdim. Qadın ödənişi elədi və daimi müştərim oldu. Harda bir dəb jurnalında maraqla paltar görürürdü, gətirirdi yanıma. Onun eynisini ya parçadan tikir, ya iplə toxuyurdum. Bu işdə də müştərilərim artdı. 

O vaxt işimi böyüdə bilərdim. Amma böyütmədim. Ataları uşaqla az vaxt keçirirdi, onların tərbiyəsi ilə məşğul olmalıydım. Buna görə də, işimi böyütmək fikrindən daşındım.

Yaşadığımız şəhər darıxdırıcı idi. Oğullarım həmişə Moskvaya can atırdılar. 5 il əvvəl, axır ki, toplaya bildiyim pulla Moskvadan ev aldım. Keçmiş evimizi kirayəyə verdim. Moskvaya köçəndən sonra müştərilərim azaldı, amma indi də sifarişlər gəlir, hazırlayıb, poçtla göndərirəm. 

Azərbaycana gələndə də boş dayanmırdım. Elə öz həyətimizdən əvəlik, bağayarpağı, şüyüd, keşniş, rehyan, nanə yığır, qurudur, paketlərə doldurub, Rusiyada bəzilərini ədviyyat, bəzilərini dərman çayları kimi satırdım. Hə, özüm də içirəm o çaylardan, əsəblərim dincəlir, bədənim enerjili olur. Sizə də məsləhət görürəm. Yəqin elə o sakitləşdirici çayların sayəsində belə həyata çox sadə baxıram, heç nəyi çətinləşdirmirəm. 

Otlardan, tərəvəzlərdən üzümə maskalar edirəm, özümü sevirəm, sağlam yaşayıram, uşaqlarıma da belə öyrədirəm. Qohumlarım bu illər boyu elə bilib ki, ərim məni yaxşı saxlayır, xoşbəxt ailəm var. Daha bilməyiblər ki, 20 ildən çoxdur iki övlad üçün tək əlləşmişəm.

Boşanmağımı bu yaxınlarda bildilər. Amma daha mənə heç nə edə bilməzlər. Qorxmuram, çəkinmirəm heç kimdən. Oğlanlarımla ana-bala kimi deyil, bacı-qardaş kimiyik, mehribanıq, hissərimizi bölüşürük, şən keçir həyatımız. 

Keçmiş həyat yoldaşım indi gec-gec gələ bilir Moskvaya. Gələndə getmək istəmir. Ayrılıb, yanıma qayıtmaq istəyir. Mənsə razı olmuram. Kin saxladığımdan, qürurumdan deyil, sadəcə sevmirdim axı onu, indi də sevmirəm. Buna görə.

Oğullarım ikisi də universitetdə oxuyur. Çox razıyam onlardan. Təkəbbür olmasın, verdiyim tərbiyədən də razıyam, mənə heç bir problem yaşatmadılar. İndi də başıma fırlanırlar. 

Həyat təkcə ərdən ibarət deyil. Ər olmayanda da yaşamaq, işləmək, xoşbəxt olmaq olar. Bir də, sizi istəməyən, sevməyən adama zorla özünü sevdirmək mümkün də deyil, lazım da deyil. Mənim məsləhətim odur ki, yaşamaq üçün heç kimə ehtiyacınız olmasın. Özünüz hər şeyi bacara bilərsiz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma