Rim Gelinin hadisəsi bizə nələri öyrətməlidir?

Müəllif: Günel Mövlud

Şiddətə qarşı məlumatlanaq, şəbəkələşək!

Bir aya yaxındır ki, sosial şəbəkələrdə Rim Geli adlı şiddət qurbanı barədə məlumatlar paylaşılır. Rim Geli iriçaplı məmur Elxan Orucovun oğlu Ruslan Orucovun keçmiş həyat yoldaşıdır. 11 illik evlilik boyunca Rim döyülüb, hədələnib, ailəsindən miras qalmış evləri satılıb, özü Rusiya vətəndaşı olduğu üçün dəfələrlə uşaqları əlindən alınaraq, deportasiya ediləcəyi ilə hədələnib. Məhkəmə yüksək çinli məmurdan çəkinərək, qadının övladlarını əlindən almaq barədə qərar qəbul edir.

Qaynatanın yüksək vəzifədə oturmağı qadının bütün yollarını, ona kömək edəcək insanların əl-qolunu da bağlayıb. Güman ki, Rimin bacısı İsveçrədə yaşamasaydı, o məmurdan qorxsaydı, mətbuatla əlaqələri olmasaydı, bu məsələ heç sosial şəbəkələrə də çıxmayacaqdı. Necə ki, indi yerli mətbuat bu məsələ barədə ucadan susur, sosial şəbəkələr də səssiz qalacaqdı. Amma xoşbəxtlikdən, Rimin onun faicəsini səsə salacaq ailəsi var və ancaq bu, bu boyda ədalətsizliyin, qudurğanlığın gizlin qalmasına yol vermədi. İndi əlimizdən gələn, ancaq bu məsələni mümkün qədər səsə salmaq, bu qudurğanlığa reaksiya verəcək yerlərə çatmasına zəmin yaratmaqdır.

Ümid edək ki, məsələ çox ictimailəşəcək və məhkəmə uşaqları anasına qaytaracaq, qadına dəyən maddi-mənəvi-psixoloji zərərin qarşılığı ödənəcək.

Amma indi başqa şeydən danışmaq istəyirəm.

Rimin məsələsində, biz şiddət məsələsində sıradan olmayan bir durumla üz-üzə qaldıq. Adətən, fiziki, psixoloji şiddətə maddi cəhətdən özünü təmin edə bilməyən, valideynlərindən cehizdən başqa mirası olmayan, boşanarsa, gedəsi yeri olmayan, adi hüquqlarını bilməyən qadınlar məruz qalır. Rimin hadisəsində isə biz valideynlərindən mülklər miras qalmış, savadlı, təhsilli, hüquqlarını bilən bir qadının şiddətə məruz qaldığına şahid olduq. Şiddətə meylli adam üçün heç bir şey maneə deyil. Nə maddi təminat, nə təhsil, nə də başqa bir şey. O, qurbanın hardansa zəif yerini tapıb, ordan vuracaq, ordan özünə güc tapacaq. Bu məsələdə o zəif yer, qadının başqa ölkənin vətəndaşı olması, Azərbaycandakı tipik ailədaxili münasibətlərdən xəbəri olmaması, ərinə öz mirasını satmağa icazə verəcək qədər inanması rol oynayıb.

Məncə, bu məsələ həm də ona görə daha çox ictimailəşdirilməlidir ki, daha çox qadının bu məsələdən xəbəri olsun. Daha çox qadın gözünü sevgi tutub deyə, sadəlövhcəsinə inanır deyə, öz mülkünün, pulunun ixtiyarını partnyoruna verməsin, sənədlərini həmişə qaydada saxlasın, vəkil konsultasiyasının nə olduğunu bilsin, çətin vəziyyətə düşəndə, məhkəmələr ədalətsizlik göstərəndə probleminə diqqət çəksin deyə mətbuatla, ictimai şəxslərlə əlaqə qursun, qadın haqları, şiddət qurbanları ilə məşğul olan təşkilatların kontaktlarını özündə saxlasın.

Yaşadığım Norveçdə ildə iki dəfə hər kommunada qadınlara profilaktik seminarlar keçirlər. Bu seminarlara kişilər buraxılmır. Seminarda şiddət qurbanları ilə işləyən, qadın və uşaq haqlarını qoruyan təşkilatlar, qadın polis nəfərləri, kommuna nümayəndələri olur. Bu adamlar qadınlara partnyorundan maddi, fiziki, psixoloji təzyiq gördüyü halda, hara zəng etməli olduğunu öyrədir, başa salır ki, o tam təhlükəsizlikdə olacaq, yetər ki, özü xilas olmaq istəsin.

Qadından ancaq bir şey gözlənilir: lazım olan nömrəyə zəng edib, öz adını və soyadını demək. Polis məlumatlar bazasından o adda qadının ünvanı tapır, müvafiq qurumlardan adamlar gəlir və artıq səhnə, problem yaratmadan, qadını da, uşağı da abyuzerin (zorakının) yanından uzaqlaşdırırlar. Ondan sonra məsələ məhkəməyə gedir və abyuzer öz cəzasını alır. Qadına təhlükə varsa, polisdən qoruma dəstəyi alır. Maddi problemi varsa, kommuna həll edir, iş, ya sosial yardımla təmin edilir. Uşaqla çox yorulmasın deyə, ayda iki dəfə həftəsonları uşaqlar peşəkar dayələrə verilir və tək ananın istirahəti də təmin edilir.

Bizdə bu sistemin kilometrliyindən keçəcək bir müdafiə yoxdur qadın üçün. Buna görə də, onların təhlükəsizliyinin ən birinci maraqlısı özləri olmalı, partnyoru ilə nə qədər mehriban olursa, olsun, çətin məqamlar üçün hərəkət planı olmalıdır. Aktiv, cəsarətli, gözüaçıq olanlar isə, məlumatları, əlaqələrini, planlarını digər qadınlarla da bölüşsə, şəbəkələşmə asanlaşar, daha çox qadın çətin anlarda nə etmək lazım olduğunu öyrənər.

  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma