Baş kəsməklə böyüyən uşaqlarımız

Müəllif: Günel Mövlud


    Azərbaycandakı qohumlarla ancaq Skype vasitəsilə əlaqə saxlayıram. Qohum deyəndə ki, onsuz da çoxu ilə münasibətim yoxdur, anam və qardaşlarım, o qədər. Onlarla danışanda, adətən uşaqlarımın yanımda olmasını istəmirəm. Çünki, minlərlə kilometr uzaqdan uşaqlarımın mentalitetini pozacaq şeylər yağır ekrandan.
Qardaşım uşaqları ilə böyüklər arasındakı ən xırda gərginlik “öldürəcəm səni!”, “başını kəsəcəm”, “boğaram səni”, “ağzının üstündən indi bir şillə tutuzduracam” kimi ifadələrlə müşaiyət olunur. Açığı, uşaqlarımı bu sözlərdən uzaq tutmağımın səbəbi, təkcə diqqətli ana olmağım deyil, həm də qorxudur. Yaşadığım Norveçdə oğlum bağçada kiməsə “sənin başını kəsərəm!” desə, bağça ailədə zorakılığın olmasından şübhələnib, ailəmizi şikayət edə bilər, uşaq hüquqlarını qoruyan qurumlar isə istintaqa başlaya bilər. Çünki bu ölkədə hesab edirlər ki, uşaq zorakılığa meyllidirsə, deməli, ailədə problem var.
Əgər burda mən uşağıma hirslənəndə, “səni öldürərəm” desəm, və bunu necəsə bilsələr, yəqin ki, məni psixiatra göndərər, uşaqla isə ayrıca məşğul olarlar ki, onu şoka salmış bu söz uşağın psixikasını zədələməsin.
Bəli, mən  çox güclü mentalitet, mədəniyyət fərqi olan iki cəmiyyət arasında qalmışam. Elə ciddi bir fərqdir ki, Azərbaycanda doğmalarımla Norveçdəki doğmalarımı bir araya gətirmək mənim üçün təhlükəlidir. Təbii ki, bütün ağlım və ürəyimlə başa düşürəm ki, Azərbaycandakı davranış tərzi yanlış və təhlükəlidir. Uşağa körpə yaşından öldüməyin, baş kəsməyin, boğmağın adi bir şey olduğunu demək, onu buna öyrəşdirmək normal deyil. Bu, potensial qatil böyütməkdir, və ya rastlaşdığı zorakılıq aktlarını norma kimi qəbul edən insan böyütməkdir. Belə şeylərə görə cəmiyyət olaraq total zorakılığın içində boğuluruq.
Belə şeylərə görə, qonşu görəndə ki, qonşuda qadın, uşaq döyülür, polisə xəbər vermir. Belə şeylərə görədir ki, qadın polisə döyülməyindən şikayət edir, polis isə onu əri ilə barışdırmağa çalışır. Belə şeylərə görədir ki, ailələr ərinin döydüyünə görə boşanmaq istəyən qadına, “ər adamı döyər də, döz, otur” deyə çəmkirir. Çünki zorakılığı hələ uşaqlıqdan qəbul etdiriblər bizə, hələ uşaqlıqdan bunun normal olduğuna öyrəşdiriblər.
Bu yaxınlarda dəhşətli bir video gördüm. Videodakı uşaq olduğuna görə, paylaşmadım. Sözlərim ürəyimdə qaldı. Videoda ana və nənə 6-7 yaşlı oğlan uşağına söyüş öyrədir. Sonra soruşurlar ki, arvadınla necə davranacaqsan. Uşaq qadını alçaldan cavablar verir. Gələcək arvadını (ilahi, bu nə absurddur) necə təhqir edəcəyini həvəslə deyir və evdəki qadınlar fərəhlənir, gülüşürlər. Videonun altındakı şərhlərdə isə 99 faiz şərh yazanlar balacanı tərifləyir və guya uşağın dilli-dilavərliyinə “maşallah” deyirlər.
Halbuki, normal ölkədə o uşaqla da, onun valideynləri ilə də psixiatr, ailə qurumları məşğul olardılar.
Uşaqlarımıza zorakılıq öyrətməyək. Zorakılığın normal olduğunu onlara təlqin etməyək. Unutmayın ki, o uşağın böyüyəndə o zorakılığın harasında olacağı məlum deyil. O, zorakılığı göstərən də ola bilər, zorakılıqdan əziyyət çəkən də. Heç olmasa, indidən öyrədək ki, bu normal deyil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma