Leylanın uğur hekayəsi

 

Adım Leyladır, 39 yaşım var. Bir oğul və bir qız anasıyam, boşanmışam. Yəqin ki, bir az fərqli adamam, bizneslərim var, amma rayon yerində yaşayıram. Arxamda heç bir kişi yoxdu.  

Demək olar, Bakıya ancaq bir neçə günlüyə, mal almağa, işlə bağlı danışmağa gəlmişəm, tez də qayıtmışam. Niyə bilmirəm, amma heç vaxt marağım olmayıb Bakıya. Yəqin ona görə ki, rayonda hər şeyim olub.

Bayaq dedim, bir az fərqli adamam. Uşaq vaxtı oxumağa meylim olmadı. Atam bizneslə məşğul idi, alverə daha çox maraq göstərirdim, nəinki oxumağa. Hərdən mənə pul veriləndə qırağa atırdım, evə bazarlığa gedəndə, ordan qənaət edib, pulu özümə saxlayırdım. Beləcə pul yığırdım. Ən böyük arzum öz işimi açmaq idi.

19 yaşım olanda birinci gözəllik salonumu açdım. Salon deyəndə ki, rayon mərkəzində balaca budka idi. Valideynlərimin xoşuna gəlmədi, qardaşım da etiraz elədi. Dedi, bizim ailənin onsuz da pulu var, deyəcəklər, qızlarını saxlaya bilmirlər. İşləməyimi istəmirdi heç kim. Amma dirəndim. Balaca bacıma da bu işləri öyrətdim, ikimiz işlətməyə başladıq salonu. Valideynlərim də gördü ki, iki bacı baş-başa verib, işləyirik, daha çox da mübahisə etmədilər. 

Ailəmizin pulu vardı deyə, mənim bütün qazancım özümə qalırdı. Pul yığılırdı, qorxurdum ki, dəyərdən düşər. Götürüb, xeyli torpaq sahələri aldım, başladım buğda, yonca kimi şeylər əkib, məhsulu satmağa. Bu işdə daha çox qardaşım kömək edirdi. Mən salonla məşğul olurdum. Müştərim artanda gəlinlik donları gətirib icarəyə verməyə başladım, rayon mərkəzində artıq üç salonum vardı, ikisi gözəllik, biri gəlinlik icarəsi. O vaxt cəmi 28 yaşım vardı.

Amma evdən ərə getməməyimə görə narahat idilər. Balaca bacım ərə getmişdi, cehizini mən almışdım, amma yenə ailə məndən narazı idi. Deyirdilər, nə mənası var o biznesin, o pulun ki, bir ailən, başında ərin yoxdu. 

Əslində, məni istəyən çox idi. Amma inanmırdım. Bilirdim ki, çoxu biznesimə görə istəyir. Fiziki mənada heç özümə inamım yoxdu, boyum balacadı, çəkim 45 kilodu, kənardan yeniyetmə kimi görünürəm. Buna görə, düşünmürdüm ki, kimsə doğrudan da məni istəyə bilər. 

Bir dəfə atamın bir dostu bizə qonaq gəldi oğlu ilə. Onlar bizim rayonun kəndlərinin birində yaşayırdılar. Oğlan ürəyimə yatmışdı, hiss elədim ki, onun da məndən xoşu gəlir. Ondan sonra atamın dostu ilə oğlu bizə tez-tez gəlməyə başladılar. Hərdən atam məni iş üçün harasa göndərir, guya elə olurdu ki, məni maşınla aparmağa adam olmurdu, deyirdilər qoy oğlan aparsın da, maşın sürə bilir. Amma bilirdim ki, qurma söhbətdir, mənim oğlanla tək qalmağımı istəyirdilər.

Açığı, etiraz eləmirdim. Oğlan ürəyimcə idi. 

Elə həmin il evləndik. Oğlanın ailəsi onların kəndinə köçməyimə təkid eləmədilər. Rayon mərkəzində evim vardı, yoldaşımla orda yaşamağa başladıq. Bir ildən sonra qızım doğuldu. Amma mən işləməli idim, uşağa çox vaxtım yox idi. Qaynanam gözəl qadın idi, həftələrlə gəlib bizdə qalır, uşağa baxırdı, mən arada evə gəlib, süd əmizdirir, işə qayıdırdım. İşi bir az da böyütmüşdüm, 100-dən çox qoyun almışdım, çobanlar tutmuşdum, onlar saxlayırdı. Fikrim vardı ki, sürünü böyüdüb, sonra satarıq, Bakıdan ev alıb kirayə verim. Yaşlananda təminatımız olsun deyə. Sürü işini də, qardaşımdan torpaq işini də alıb, yoldaşıma vermişdim, o məşğul olurdu. Mən də çalışırdım ki, o narahat olmasın, özünü hər şeyin sahibi kimi hiss eləsin. 

Qızımın 4 yaşı olanda oğlum dünyaya gəldi. Qayınanam, baldızım artıq bizimlə qalırdılar. Açığı, bu çox ürəyimcə idi, çünki həm ev işlərindən azad idim, həm uşağa kömək edirdilər. Mənimlə də çox mehriban idilər. 

Bir ildən sonra yoldaşımla problemlərim başladı. Elə hey deyirdi ki, sən pis gəlinsən, qayınana evinə köçmədin, indi anam və bacım sənə qulluqçuluq edir, özünü kraliça kimi aparırsan. Halbuki, mən elə sadə adamam ki, salonlarımda xadimə olduğu halda, müştərinin yerdəki saçın da süpürürəm, qabağına çay da gətirirəm. Evdə də vaxtım olanda, heç bir işdən qaçmıram. 

Qulağıma bəzi şeylər çatırdı. Ərim özünə bahalı maşın almışdı, deyirdi ki, sürüdən artan pulla alıb. Günlərlə restoranlardan evə yığışmırdı. Hələ deyirdilər ki, qadın da saxlayır. Sonuncunu heç vaxt dəqiq bilə bilmədim, sübut tapa bilmədim. 

Başladım işləri yoxlamağa. Məlum oldu ki, ərim sürünü demək olar, hamısın satıb xərcləyib. Torpaqları da özü işlətməyin dərdindən, icarəyə verib başqa adamlara, icarə pulunu da xərcləyib. 

Mənim illərlə yığdığım pulları havaya sovurmuşdu. Amma bir qram da peşman deyildi. Çox bərk mübahisəmiz düşdü. Dedi ki, peşman filan deyil, mənim haqqım yoxdu ki, ona iş tapşırıb, sonra haqq-hesab tələb edim. Mübahisə vaxtı pis söyüşlər söydü, məni təhqir elədi. Dedi ki, pulum olmasaydı, guya onun nəyinə lazım idim ki? Mənə dedi ki, nəyə oxşayırsan, bir güzgüdə özünə bax! Qurumuş qurbağa kimisən, sənə kim tamah salar axı?! 

Bu sözləri məni çox yaraladı. Başa düşdüm ki, o da puluma görə mənimlə evlənib. Çox pis sarsıldım. İşləməyə, heç nəyə həvəsim olmadı. Qaynanamadan xahiş elədim ki, uşaqları götürüb, kənddəki evinə aparsın. Yoldaşımı da evdən qovub, bir ay depressiyada qaldım. Valideynlərimdən başqa heç kimsə ünsiyyətdə olmurdum. Boşanmaq istəyirdim, təzədən işlərimə qayıtmaq, özümə gəlmək istəyirdim. 

Atamgil dedi ki, boşanmağıma razı olarlar. Bir şərtlə ki, bütün biznesimi qardaşıma tapşırım, özüm evdə oturum. Hövsələm daha da daraldı. Həyatda ilk dəfə səsimi başıma atdım. Dedim, siz kimsiz ki, mənim nəyiməsə razı olmayasız. Yaşım otuzu çoxdan keçib, evim var, işim var, uşaqlarım var, siz kimsiz axı, nə haqla mənə şərt qoyursuz?! Mən qadınam deyə, illərlə öz zəhmətimlə qazandığımı həmişə niyə kişilərə tapşırmalıyam?! 

Onlar dedilər ki, boşansam, məni danışdırmayacaqlar. Dedim ki, özləri bilər. Ərizəni verib, boşandım. Bizdə qadın boşananda, adətən istəyir ki, kişiyə uşaqları göstərməsin. Mən əksinə, məhkəmədə tələb elədim ki, ata əgər atalıq hüquqlarından məhrum olmaq istəmirsə, həftənin iki günü mütləq uşaqları aparıb baxsın. Mən niyə tək baxmalıyam uşaqlara?

Ondan olsaydı, razı olmazdı, amma qaynanam və baldızım razı saldılar, çünki özləri baxacaqdılar uşaqlara. 

Yoldaşımdan boşananda əlimdə qalan təkcə salonlar idi. Amma cəmi bir ilə biznesi ayağa qaldıra bildim. Qaynanam bəzən 3 deyil, 4 gün saxlayır uşaqları, uşaqlar da onunla olanda çox rahat olurlar. Onunla incik deyiləm, o da günahı oğlunda görür, mənə qarşı kini yoxdu. 

Qardaşım yanımda işləyir, buna razı oldum. Maşınla Bakıya aparır, lazım olan şeyləri alıb gətirir, yük olanda kömək edir. Amma daha heç kimə işimi etibar etmərəm. 

Mən bütün bunları ali təhsilim olmadan, rayon yerində yaşaya-yaşaya eləmişəm. Mənə kömək edən şey bu oldu ki, ailəmin biznesi vardı, işi uşaqlıqdan bilirdim. Amma olmasaydı da, bəlkə yenə də bacarardım. Çünki marağım vardı, həvəsim vardı, özümə başqa həyat təsəvvür eləmirdim. Hazırda mənim salonlarımda 20 dən çox qadın işləyir. Bu o deməkdir ki, 20-dən çox qadın ərindən pul istəmir, onların qarşısında alçalmır. 

Bəzən qadınlar şikayətlənir ki, rayon yerində iş yoxdur, amma mən görmüşəm ki, bəzən bizim geyilib, qaytarılan gəlinlikləri yumaq lazım olanda, kimə deyirsən ki, bunu pul qarşılığında elə, özlərinə sığışdırmırlar. Amma kişinin ayağını yumağı özlərinə yaraşdırırlar. 

Mən uşaq vaxtından heç bir işə yuxarıdan aşağı baxmamışam. Zəhməti sevmişəm, istəmişəm öz pulum olsun, istədiyim hər şeyi, özüm eləyim. 

Mənim fikrimcə uğur elə budur! 

Hə, atamgil də məni danışdırır. Bir müddət küsülü qaldılar, sonra özləri barışdılar. Keçmiş yoldaşımlasa heç maraqlanmıram. Pisliyini istəmirəm, hər halda, uşaqlarımın atasıdır. 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma