Ginekoloqa gedərkən nə qədər rahatıq?

* Bu yazıda “qadın” sözü doğuluşda cinsiyəti “qadın” kimi təyin olunmuş şəxslərə şamil
edilir.

“Normal hallarda ginekoloq qəbulu obyektivlik və hörmət əsasında təşkil edilməli,
minimum diskomfort və maksimum rahatlıqla keçməli, həkim və pasiyent arasında etibar
əsasında qurulmalıdır.” Bu sözləri artıq illərdir ginekoloq qəbuluna yazıldığım zaman öz –
özümə təkrarlayıram. Özümü razı salmağa, əslində burda qorxulu heç nə olmadığına
inandırmağa çalışıram. Sağlamlıq utancaqlıq və qorxudan daha vacibdir. Sadəcə olaraq mənim
bir dəfə bəxtim gətirməyib. Bəlkə iki dəfə? Yoxsa üç dəfə..?

Amma problem ondadır ki, ginekoloq qəbulu çox nadir hallarda sadə keçir. Qadın*
fiziologiyası və seksuallığı, xüsusilə əgər bu, qadına yeridilən tabulara əsasən yox, onun özünün
istədiyi formada təzahür edirsə – qadağan edilmiş mövzudur. Əksər ailələrdə seksual tərbiyədən
söhbət belə gedə bilməz, məktəblərdə isə seks və cinsi böyümə barəda adətən ümumi sözlərlə və
səthi danışıldığı üçün uşaqlarda bu mövzu ilə bağlı narahatlıqla dolu suallar və xoşagəlməz
hisslər yaranır.

Biz uşaqlıqdan qadın bədəni barədə ziddiyyətli fikirlərin mövcud olduğu mədəniyyətdə
böyüyürük: uşaqlıqdan bilirik ki, qadın ideal bədənə malik olmalı, cazibədar və sadə olmalı,
cəmiyyətin yeritdiyi “başıaşağı” və “fahişə” obrazları arasında balansı qorumalıdır.
Yeniyetmə yaşımda kişi ginekoluqun qəbuluna yazıldım. O zamana qədər mən artıq bir
neçə mənasız, lakin “dəmir” qaydalar öyrənmişdim. Mənim bədənimi 19-cu əsrin romanlarında
olduğu kimi birinci yalnız “O” görə bilərdi. Digər bütün variantlar utancverici və qəbuledilməz
idi, çünki bu halda mən “əxlaqsız qadın” olurdum.

Belə “dəyərlərlə” ginekoloq qəbulu mənim üçün adi həkim qəbulu deyildi. Bədənimi yad
kişi qarşısında göstərməli olmağım fikri məni dəhşətə gətirirdi, çünki bədənimlə bağlı hər şey
sirli və mifik idi, ümumiyyətlə, fizioloji quruluşumun nədən ibarət olduğundan bixəbər idim,
masturbasiya – ayıb, menstruasiya – utancverici idi, bu barədə heç kim danışmırdı. Üstəlik
böyüklərin dünyasında qadınların “O, kimin gəldi qabağında ayaqlarını aralayır” ifadəsi ilə
təhqir olunduğunu eşitmişdim. Və indi mən ginekoloq kreslosunda ayaqlarımı aralayıram.
Kişi ginekoloq mənim yüngülvari əsməcədə olduğumu görüb rahatlamalı olduğumu
söylədi, çünki bu müayinəyə mane olurdu. Sakitcə ona utandığımı deyib ağladım. Həkim isə
görünür vəziyyəti düzəltmək üçün “Bilirsən sənin kimi gündə neçəsi olur burda? Utanılası heç nə
yoxdur” dedi, mən isə bu sözlərdən sonra bir az da pis hiss etdim. Beynimdə həkimin qarşısında
ayaqlarını aralamış qızların dəstəsini təsəvvür etdim. Müayinədən sonra həkim menstruasiyamın
olub-olmadığını və cinsi həyat sürüb – sürmədiyim ilə maraqlandı. Hər iki suala cavabım “Yox”
idi. Bu cavabıma həkim gülümsəyərək: “Düzdür, bu utancaqlıqla nə cinsi həyat.. Amma narahat
olma, bir gün səndə də hər şey alınacaq”, – şərhini verməyi unutmadı.

Bu səhnədən sonra mənim bütün ginekoloq müayinələrim xoşagəlməz hallarla yadda
qalıb. Bir dəfə həkim müayinədən sonra təcili doğmalı olduğumu dedi və ən maraqlısı, bunu
qadının əsas vəzifəsinin doğuş olması ilə əsaslandırdı. Ağrılarım bundan sonra keçəcəkdi.
Çəkinərək söylədiyim “Mən hələ istəmirəm, çünki oxuyuram” cavabıma qarşımdakı səs tonunu
yüksəldərək, böyüklərin sözünü kəsməməli olduğumu söylədi və əgər belə edərəmsə, gələcək
ərim tərəfindən tərk ediləcəyimlə qorxuduldum.
Bu hadisədən sonra bir neçə il ərzində mən ginekoloqa getmədim. Özümü qorxaqlığıma
görə danlayır, lakin məcbur da edə bilmirdim. Əvvəl yaşadığım təcrübələrə oxşar hadisələri bir
daha yaşamamaq üçün müayinələrdən qaçırdım. Bu illər ərzində böyüdüm, özümə əminliyim
xeyli artdı, artıq öz pulum var idi, deməli, hansı həkimə getməyi özüm seçə bilərdim. Referansla
bir həkim tapdım.
Soyunduğum zaman həkimin mənə qəribə şəkildə, sanki onun xoşuna gəlmirəmmiş kimi
baxdığını hiss etdim. Demək olar, ağrısız keçən müayinədən sonra həkim aşağı səslə: “Özünü
necə belə “buraxa” bilərsən? Sənin sevgilin yoxdur? Yox, hər yeri təmizləmək lazım deyil,
amma sənin təkcə cinsi orqanın yox, həm də ayaqların tüklüdür”, – dedi. Mən ona bunun
məsələyə aidiyyatı olmadığını, bura özümü göstərməyə yox, müayinəyə gəldiyimi və
ümumiyyətlə, bunun ona dəxli olmadığını xatırlatdım. Həkim dediklərimdən incimiş kimi oldu.
Mən isə çox əsəbiləşdim, məsələ ilə bağlı klinikaya şikayət yazsam da müraciətimə baxan
olmadı. O zaman 22 yaşım var idi.
Zaman-zaman buna oxşar hadisələr eşidirəm. Bunun nə qədər yayılmış problem
olduğunu araşdırmaq üçün Tvitter hesabımda sosial sorğu keçirmək qərarına gəldim. Bir neçə
saat ərzində ölkənin fərqli regionlarından müxtəlif yaş, milliyyət, cinsi oriyentasiya və sosial
qrupdan olan 400-dən çox qadından başlarına gələn hadisələrlə bağlı şikayətlər aldım. Bu,
kifayət qədər qorxunc mütaliə idi. Aldığım hekayələri aşağıdakı kimi qruplaşdırdım:
– Həkimlər tərəfdən cinsi qısnama, hətta təcavüz halları
– Müayinə vaxtı kobud davranış nəticəsində alınan bədən xəsarətləri
– Bakirəliyin az qala bütün xəstəliklərin səbəbi, penisin isə bütün dərdlərə çarə kimi
göstərilməsi
– Doğmaqla bağlı məsləhətlər, daha bir dərdə çarə vasitəsi
– Artıq çəkiyə görə utandırılma halları
– Bədən tüklülüyünə görə qınanılma
– Abortdan yayındırma cəhdləri və s.

Bir çox pasiyentlərin müayinə zamanı həkimlərin onlara “sən” deyə müraciət etmələri də
narahatedici faktor kimi vurğulanır.
Əgər yuxarıda sadaladığımız təcrübələrə nəzər salsaq, həkimlər tərəfdən göstərilən belə
münasibətin kökündə qadın bədəninə olan konservativ yanaşmanın yatdığı aydın olar. Ginekoloq
kreslosunda biz özümüzə aid olmuruq. Əslində belə yanaşmanın təməlində bədənlərimizin dövlət
qulluğunda olan bir doğuş aparatı olaraq görülməsidir. “Qulluqçu hekayəsi” göründüyündən
daha çox reallığa yaxındır.

Həkimlərə müraciət etmək istəyirəm. Əlbəttə çoxlu sayda işinin peşəkarı olan və
pasiyentlərinə həkim etikası ilə yanaşan həkimlər var. Anlayıram ki, bir çox həkimlərə asan
deyil. Amma xahiş edirəm, əksər insanların ginekoloq qəbulunda özlərini necə çəkingən və
narahat hiss etdiklərini unutmayın. Çoxlarımız bədənlərimiz barədə formalaşmış illərin
sterotipləri altında əzilirik.
Nəzakət və xoş münasibəti iş prosesinin gərginliyində itirmək mümkündür, lakin hər
zaman ən azından neytral qalmağa çalışmaq lazımdır. İş gərginliyini pasiyentlərin üzərinə
yıxmamaq, onlara həyat dərsi keçməmək və bədənlərini müzakirə obyektinə çevirməmək hər
zaman mümkündür. Digər şəxs üçün bəlkə də faciəvi sayıla biləcək öz həyat ideologiyamıza
uyğun dəyərləri hər kəsə tətbiq etməməyə çalışaq.

Hekayələrini mənə göndərənlər bir daha ginekoloq qəbuluna getməyəcəklərini deyirdilər.
Mən də belə qadınlardan olmuşam. Və indi də o kresloda travma halları yaşayan şəxslərə üzümü
tutaraq söyləyirəm ki, özünüzü və sağlamlığınızı qoruyun. Yaxşı həkimlər mütləq ki, var. Bəlkə
də biz özümüzün qeyri-peşəkar həkimlərdən ibarət qara siyahımızı hazırlaya, bunu öz aramızda
paylaşa və öz haqlarımızı qoruya bilərik.

Heç kimin öz bədənindən utanmayacağı, qəliblər altında əzilməyəcəyi və hamının rahat
müayinələr keçəcəyi ümidilə! Gəlin sağlamlığımız qoruyaq!

Mənbə: https://takiedela.ru/2018/11/karatelnaya-ginekologiya/?fbclid=IwAR3RYLglbOBgRgpoWI9UtXUsY0ddW73cFcLQU23KFUlg_6-9dd8IBZbsG5I

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma