Suratelin hekayəsi

suratel-восстановлено.jpg

Adım Surateldir. 68 yaşım var, təqaüdçüyəm. Uzun illər kitabxanada xadimə işləmişəm, kolxoz vaxtı pambıqçı, üzümçü olmuşam, 6 uşaq böyütmüşəm. Kənd yerində doğulmuşam, burda böyümüşəm, yoldaşım dünyasını dəyişməmişdən 2 il əvvəl şəhərə köçmüşük. İndi şəhərdə yaşayıram. 

Bizim kənddə mən həmişə pis qarşılanmışam, mənə deyilməyən söz qalmayıb. Uşaqlarımla tez-tez bunun üstündə mübahisəmiz olub. Davalarımız olub. İndi tək yaşayıram. Yoldaşım rəhmətə gedəndən bəri. Düz 10 ildir. 

Mənim uşaqlarımla, kənd camaatı ilə narazılığımın səbəbi müstəqilliyim olub. Atasız evdə böyümüşəm, qardaşım, babam, əmim, heç kimimiz olmayıb. Anam, bacım və mən. Anamın imkanı yaxşı idi, atasından ona miras qalmışdı. O bizi müstəqil, kimdənsə asılı olmayan, kişi sözünü vecinə almayan qadınlar kimi böyüdüb. 16 yaşım olanda bir dəfə ailəli olmuşam. Amma ərim və onun ailəsi mənim müstəqilliyimi “özbaşınalıq”, “dikbaşlıq” adlandırıb, davalarımız düşüb, tez də ayrılmışam.

Sonra ikinci və sonuncu həyat yoldaşımla ailə qurdum. Onun da atası yox idi, evin bir oğluydu, anası və bacılarıyla yaşayırdı. Dünyada tanıdığım ən həlim, ən mehriban kişiydi. Anam o vaxt dedi ki, sən bu qızla yola gedə bilməyəcəksən. Mən onu çox ərköyün öyrətmişəm, dedi. Amma yoldaşım mənə çox vurğun idi. Evləndik, və bir dəfə də olsun, mənə demədi ki, sən dikbaşsan, öz bildiyini edənsən, elə ya belə. Mən nə deyirdimsə, deyirdi, elə olsun, sən pis şey deməzsən. 

Kənd yerində çox pis baxırdılar yoldaşımın mənimlə hesablaşmağına, hörmət etməyinə. Hətta ona “arvadağız” deyirdilər, ələ salırdılar. Amma işini yaxşı bilən uşaq həkimi idi yoldaşım, uşaqları xəstələnən kimi, gəlib o lağ elədikləri adama yalvarırdılar. Arxamca min söz deyirdilər, amma toyda, yasda, məclislərdə “doxturun arvadı” deyib, başıma fırlandılar. İnsanların necə ikiüzlü olduqlarını onda görürdüm. 

Uşaqlarım böyüdükcə, onlar da atalarına irad tutmağa başladı. Bəlkə 30 il belə yaşadıq. Amma bir dəfə də olsun, heç kimin sözünü nə vecinə aldı, nə də mənə bir söz dedi.

Öləndə də məni balalarına “ananlızı incitsəniz, sizə haqqımı halal etmərəm” deyə tapşırdı. 

Yoldaşım öləndən sonra tək qaldım. Oğlum isətdi ki, onun evində qalım, dedi ki, arvadıma kömək edərsən, uşaqlara baxarsan, sənin nəvə saxlayan vaxtındı. Dedim, nəvə saxlamaq istəmirəm. Sizi böyütmüşəm, bəsimdi. İndi dincəlmək istəyirəm. Bunu eşidəndə, uşaqlarımın hamısı şoka düşdü. Heç təsəvvür eləyə bilmirdilər ki, nənə nəvələrini saxlamaqdan imtina eləsin. Onda, dedilər, böyük nəvələrdən kimsə gəlsin, səninlə qalsın. Onu da istəmədim. Dedim, tək yaşamaq istəyirəm, tək. 

Təqaüdüm azdır. Amma evim böyükdür, yoldaşım pis qazanmırdı, vaxtında ev tədarük edə bilmişdi. Otaqlardan birini tələbə qızlara kirayə verirəm, təqaüdümlə bir yerdə mənə gen-bol çatır. 

Uşaqlarımın mənimlə problemi həm də budur ki, mən qoca arvad kimi geyinmirəm. Guya qocalmış qadınlar başqa cür geyinməlidir. Mən rəngli xoşlayıram, özümə çantalar, gözəl dabanlı ayaqqabılar alıram. Ətir, krem alıram, özümə baxıram, istədiyim vaxt parka, gözəllik salonuna gedirəm. Buna çox pis əsəbiləşirlər. Eşitdiyim ancaq odur ki, “ana, yaşına görə geyin”, “ana, yaşına görə hərəkət elə”, “ana, sənin o yaşın deyil axı”. Mənsə deyirəm ki, hansı paltarın üstündə yazılıb ki, “bu, filan yaşlı qadınlara olmaz” ya hansı ətrin üstündə yazılıb ki, “filan yaşda qadınlar istifadə edə bilməz”. 

Əslində, bilirəm dərdlərini. İstəyirlər, birinin evində oturum, evimi satıb, bölsünlər, təqaüdümü alıb özləri xərcləsin, mənə də minnətlə çörək verib, köhnə-kürüş paltar içində saxlasınlar. Özüm də onların uşaqlarını saxlayım.

Bu, o demək deyil ki, mən nəvələrimi sevmirəm. Yox, hərdən çağırıram, məktəbə, universitetə girəndə hədiyyə alıram, pul verirəm, hərdən görüşüb, gəzməyə gedirik. Amma mən niyə bütün həyatımı nəvə saxlamağa həsr eləməliyəm? 20 il uşaq saxlamışam, bəs, mən nə vaxt rahat yaşamalıyam?

Bir çox təqaüdçü tanış qadınlar var ki, məni qınayırlar, deyirlər sən düz eləmirsən, sən ancaq özün üçün yaşayırsan. Bəs, insan özü üçün heç vaxt yaşamamalıdır? Bu qaydanı kim qoyub? 

Mən qocalığımdan razıyam. Sabah öləndə, heç olmasa, bu rahat günlərimi fikirləşib, deyəcəm ki, mən də bir gün gördüm. Ömür boyu əvvəl uşaq saxla, sonra nəvə saxla, özünə heç vaxt baxma, heç vaxt yaşama, daha bu nə həyat oldu. 

Bilirəm ki, çoxları məni qınayacaq, necə ki, gündə eşidirəm bu qınağı. Amma heç məni narahat etmir bunlar. 
Bilirəm ki, bərk dara düşəndə, bezəndə, nə qədər adam mənə deyir ki, düzünü elə sən edirsən. Amma özlərinin cəsarəti çatmır buna. Ya qınaqdan qorxurlar, ya uşaqlarından utanırlar. Ya da nəvələrinə çox bağlı olurlar. 

Mən elə deyiləm. Olmaq da istəmirəm. 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma