Günayın uğur hekayəsi

Adım Günay Mustafayevadır, 30 yaşım var.

Tipik rayon ailəsində doğulmuşam. Ailəm dindar olmasa da, son zamanlar bütün ölkədə əsən din rüzgarı mənim də atamdan yan keçməmişdi, bacılarım namaza başlamışdılar. Anam isə sovet təsirində qalmışdı, ateist idi. Amma təbii ki, bunu heç vaxt dilinə gətirmirdi.

Ata tərəfdən nənə və babamla yaşayırdıq. Həmişə söz-söhbətləri, problemləri olurdu, dalaşırdılar, sonra nənəm anamı incidirdi. Üç qız doğub deyə, oğul anası olmayıb deyə, açıq olmasa da, dolayı söz atırdı. Bibilərimin oğlanlarını gətirib, bizdə saxlayırdı, “gözdağısan bala, sən!” deyib, eşitdirirdilər anama. Atam oğlan ya qıza fərq qoymasa da, düşünürəm, hər gün ailədə olan söz-söhbət hamının əsəblərini məhv etmişdi. Hamı istəyirdi özündən balacanın, zəifin üstündə ağalıq etsin.

Bütün uşaqlığım, yeniyetməliyim boyu dindar bacılarım mənə misal göstərilib. Onlara ailədə çox da problem olmurdu, hətta yubkalarınn ölçüsünü, uzunluğunu mənə misal çəkirdilər. Onlar evə gecə saat 11-də gələnə pis baxırdılar, həmçinin mənə də elə baxıdılar. Anamı qızışdırırdılar ki, hardadı qızın? O məni danlamırdı deyə, əsəbiləşirdilər.

Özüm heç vaxt ailədə fiziki şiddət görməsəm də , psixoloji şiddət həmişə olurdu. Xəyalpərəst, gəzməyi sevən olmağım, gələcəkdə hansı peşəni seçməyimlə bağlı fikirlərimin tez-tez dəyişməsi ailədə, xüsusən də atam tərəfindən  qeyri-ciddi qarşılanmama səbəb olurdu.

Zaman keçdikcə, mentalitetin diqtəsindən uzaq yaşamağa başlayanda, qınanmağa, tərbiyəsiz adlandırılmağa başladım. Evdə atamın göstərdiyi psixoloji şiddət hökm sürürdü, “bu evin kişisi mənəm” deyirdi, idarə onun əlində olsun istəyirdi, “sən uşaqsan, nə qanırsan” deyirdi, “sən arvadsan, otur arvad yerində” deyirdi.

Mən evlənəndən sonra, hətta həyat yoldaşıma “arvadın ağlı olmur, onun sözüylə oturub-durma” deyib “məsləhət” verdiyi də olurdu. Həmişə qohum, qonşu, dost arvadlarını, uşaqlarını bizə misal gətirib, onları tərifləyirdi. Deyirdi “filankəsin qızı atasının ayağını yuyur, ona ‘qibləgahım’ deyir”, mənim də belə olmağımı istəyirdi. “Siz onlardan artıq deyilsiniz ki” deyirdi.

Kiminsə bunu öz istəyi ilə etməsi, vecimə deyildi, amma mən belə ola bilməzdim, atam da olsa, qul olmaq istəmirdim. Anam da, mən də onun bu sözlərinə qulaq asmasaq da, öz bildiyimizlə getsək də, anam boşanmırdı atamdan. Arada “gərək o vaxt boşanardım” deyirdi, amma bizə görə boşanmamışdı, bu isə lap dəhşət idi.

Bir gün hərbidə işləməyə fürsət yaranmışdı. Bu işdə işləməyi çox istəyirdim, həm maraqlı idi, həm də maaşı çox yaxşı idi. Atam qarşı çıxdı, baxmayaraq ki, kirayədə qalırdıq, tək onun pensiyas ilə yaşamaq mümkün deyildi, 20 qəpik istəyəndə , geniş izahat istəyirdi. Məni özbaşınalıqda günahlandırırdı, qohumları, qonşuları çağırıb, onlardan düz yolda olub-olmadığımı soruşum istəyirdi. Dəfələrlə bu mənim şəxsi işimdi desəm də, hər dəfə hansısa qohumu məsləhətə çağırırdı.

Xalamın yoldaşının “hərbidə pozğun qadınlar işləyir” deməyi qulağımdan getmir. Heç kimə heç nə demədən işə düzəldim, bir müddət sonra hamı xəbər tutdu, ancaq fikrimdən dönmədim, davam elədim. Aldığım ilk maaşımdan elə həmin xalamın yoldaşı borc istədi məndən… Necə də acınacaqlıdı…

Sonra özümə maşın aldım, kimsə özümün aldığına inanmadı, yenə qeybət, yenə təhqir… “Hansısa zabit alıb”, “pullu kişi alıb”… Ailədəki kişilər “sən qadın xeylağısan, nə bilirsən maşın sürmək nədir, mənim 50 yaşım var, heç sürə bilməmişəm, sən necə sürəcəksən” deyirdilər. Amma maşın lazım olanda, yenə birinci məni çağırırdılar.

Hərbidə işlədiyim müddətdə, dinsiz olduğum üçün, homoseksual dostlarım olduğu üçün, iki mindən çox şəxsi heyətin qarşısında, komandirdən təhqir eşitmişəm.

Yoldaşımın xəyanət etdiyini biləndə boşandım, bu daha faciəvi bir şey oldu ailəm üçün. Bu faciə hələ də davam etməkdədir. Dayılarım, xalalarım, bibilərim, atam “kişidi də, olar elə şey, nə tez qaçıb boşandı, öz canında da var” deyirdilər, bu sözlər də psixoloji şiddətin zirvəsi idi. Atamın qadın anlayışı başqa cürdür, onun gözündə qadın ancaq kişinin yanında olanda şəxsiyyət, kimsə ola bilirdi. Mənə də subaykən “qız”, evliykən “gəlin”, boşandıqdan sonra “dul” deyirdi. Hər dəfə söhbətimiz, mübahisəmiz zamanı bu xitabları xüsusi vurğulayırdı.

Anamı itirdikdən bir müddət sonra, o olkədə, o ailədə mənlik heç nə olmadığını anladım. Bir həftənin içində Avropaya gəlməyə qərar verdim. Psixoloji olaraq hələ də travmalarım qalır, ancaq stressiz bir həyatı, yadlaşmış ailə ilə yaşamaqdan üstün tuturam.

Bir çox qadın üçün ailə həyatı alınmayanda, pis də olsa, ata-ana, bacı-qardaş yanına qayıdır. Aləsi ona təhqiramiz, kobud davransa da, qorxur ki, onlardan qopsa, dəyəri itəcək, küçələrdə qalacaq, adı dillərdə söz olacaq. Çünki ayrılmış qadının ancaq ata-ana, bacı-qardaş yanında güvəndə, dəyərli bir şəkildə yaşaması təlqin edilib qadınlara. “Sahibsiz”, “yiyəsiz” sözlərini elə qorxu ilə yeridiblər ki qadınların beyninə, qadın özünün bir heyvan olmadığını, sahibə, yiyəyə ehtiyacı olmadığını unudub bəzən.

Mən unutmadım. Müstəqil şəxsiyyət olduğumu, mənə yadlaşan bir ailə ilə yaşamağa məcbur olmadığımı anladım. İndi işim də var, gəlirim də, dostlarım, çevrəm də. Özümü tək hiss etmirəm, natamam, bəxbəxt hiss etmirəm. Əksinə, indi azad, sərbəst, müstəqil bir şəxs kimi yaşadığım üçün çox rahatam.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma